Kişi deputatlarımız 8 Martı necə qeyd edəcəklər?

Kişi deputatlarımız 8 Martı necə qeyd edəcəklər?
  06 Mart 2015    Oxunub:3399
8 Mart dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Təqvimin bu günü xanımları intizara, kişiləri isə sözün yaxşı mənasında təlaşa salır. Belə ki, əks cinsin nümayəndələri xanımların xoş günündə onları sevindirmək üçün əllərini ciblərinə atmalı olurlar. Xanımların bayramını hələ də qəbul etməyən kişilər var.

Hesab edirlər ki, xanımlara təkcə 8 Martda deyil, həmişə diqqət göstərmək lazımdır.

Maraqlıdır, kişi deputatlarımız bu günü necə qeyd edirlər? Görəsən, onlar da qadınların tənəsindən qurtulmaq üçün bu günü məcbur qeyd edirlər, yoxsa sevərək?

AzVision.az millət vəkilləri arasında sorğu aparıb.

İlk müraciət etdiyimiz deputatın cavabı bizi təəccübləndirdi. Deputat Fazil Mustafa 8 Martı xüsusi qeyd etmədiyini bildirib:

O, bu bayramın ənənə olduğunu və bu səbəbdən də ailəsinin qadın üzvlərinə diqqətsiz qalmadığını deyib: Amma millət vəkilinin fikrincə, xanımlara məhz 8 Mart günü yox, bütün il boyu diqqət göstərmək lazımıdır.

Millət vəkili İlyas İsmayılov həmkarından fərli olaraq hər ilin 8 Mart gününü qeyd edir. O, yaxın çevrəsindəki xanımları bayram günü təbik etməyi yaddan çıxartmır.

YAP-çı deputat Siyavuş Novruzov hesab edir ki, 8 Mart Azərbaycan qanunvericiliyi ilə rəsmi bayram elan edildiyindən buna qarşı çıxmaq olmaz:

“Bu artıq bir ənənədir. Bayram münasibətilə bütün xanımları təbrik edirəm”.

Milli Məclisin digər deputatı Fəzail Ağamalı da 8 Martı bayram kimi qeyd edir. Deputat hər il bayram münasibətilə bütün tanıdığı xanımları təbrik etdiyini vurğulayıb.

“Güldən hədiyyə olmaz, yadda qalan nəsə almaq lazımdır”

Uşaq yaşlarından 8 Martın bayram edildiyini görən deputat Aqil Abbas da illərin ənənəsinə sadiq qaldığını deyib. O məktəb illərində müəllimlərini 8 Martda hədiyyəsiz qoymadığını bildirib:

“8 Mart qeyd olunanda məktəbdəki bütün qadın müəllimələrə hədiyyə aparırdıq. İndiki kimi yadımdadır atam 8 qardaşıma da müəllimələri üçün hədiyyə alırdı. Daha sonra mənim də oğlanlarım orta məktəbdə oxuyanda onlardan soruşurdum ki , nə qədər qadın müəlliməniz var, heç onlara dərs deməyənləri də təbrik edirdim . Çünki mən belə görmüşəm. Elə olurdu ki, atam birdən 40 hədiyyə alırdı. Bu gün eşidirəm ki, bayramda müəllimələri güldən başqa heç nə ilə təbrik etməyin. Gül nədir, iki saatdan sonra solacaq, zibilə tullayacaqlar. Müəlliməyə ətir, başqa bir hədiyyə apararlar. Qoyar evinə, hər dəfə baxanda deyər ki, bunu mənə tələbəm alıb”.

Deputat müəllimlərə hədiyyə almasını rüşvət hesab edənləri də qınayıb.

“Bir də görürsən ki, müəlliməyə kitab hədiyyə edirlər. Müəllim elə illərlə kitabın içindədir. 8 Martda müəlliməyə nəsə başqa hədiyyə etmək lazımdır? Müəllimələrə hörmətsizlik edib, bayramı ucuzlaşdırdılar. Onlara hədiyyə almağı rüşvət hesab edənlərə deyərdim ki, müəllimlərin üstünə bu qədər getməsinlər. Sizin vasitənizlə ölkədəki bütün qadın müəllimələri bayram münasibətilə təbrik edirəm”.

Millət vəkili xanımına tək bayramda deyil, həmişə diqqət göstərdiyini qeyd edib.
“Mən xanımımı yalnız 8 Martda təbrik etmirəm. Keyfim kök olanda, imkanım, pulum olanda təbrik edirəm. Bu il bayramda xanımı götürüb şəhərdən kənarda istirahətə gedəcəkdim. Həmin gün mənim balaca qardaşım Rəşad Məcid oğluna toy edəcək. Ona görə də ailəmlə birlikdə orada olacağıq”.

“Qapı-qapı gəzib, hər qadını təbrik etmək olmaz”

Deputat Çingiz Qənizadə isə hesab edir ki, 8 Mart bayram kimi qeyd edilsə də 14 fevral və 30 iyun-da Sevgililər günü keçirilməsi doğru deyil.

“Allah İlhama da, Fərizəyə də rəhmət etsin. Onların adından alver edirlər. Sanki insanları məcbur edirlər ki, həmin gün kiməsə hədiyyə alın. Amma 100 illərdir ki, 8 Mart bayramı var və qeyd olunur. Həmin gün ən yaxın xanımlara diqqət lazımdır. Bu iş kollektivində, ailədə də ola bilər. Kimsə deyir ki, biz hər gün qadınlara diqqət edirik, ona görə də 8 Martı qeyd etmirik. Demək ki, onlar heç diqqət yetirmirlər.
Hesab edirəm ki, 8 Mart günü hər bir kişi imkanı daxilində, gücü çatan qədər ən yaxın xanımını təbrik etməlidir. Onu da deyim ki, son vaxtlar belə bir fikir formalaşıb ki, haradasa 8 arşın o tərəfdə qadın varsa, onu da zəng edib təbrik etməliyik. Yəni qapı-qapı gəzib, hər qadını təbik etmək də olmaz. Hər kəs özünün ən yaxın xanımını təbrik etməyə borcludur”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti