46 prokurorluq işçisi cəzalandırılıb

46 prokurorluq işçisi cəzalandırılıb
  06 Mart 2015    Oxunub:1820
“Ötən il prokurorluq orqanları ilə bağlı bizə 756 müraciət daxil olub”.
AzVision.az xəbər verir ki, bu barədə insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova 2014-cü il üzrə illik hesabatında deyib.

"İstintaq orqanları tərəfindən eyni işlər üzrə qəbul edilən qərarların dəfələrlə ləğv edilməsinə baxmayaraq, müvafiq prokurorlar, müstəntiqlər və ya təhqiqatçılar barədə ciddi tədbirlər görülmür, onların məsuliyyəti məsələsinə baxılmır. Müraciətlərdə əsasən istintaqın qeyri-obyektiv aparılması, cinayət işinin başlanmasının əsassız rədd edilməsi, fakta görə cinayət işinin başlanmaması, əsassız olaraq cinayət işi üzrə icraatın dayandırılması, istintaqın gedişi barədə məlumatın verilməməsi kimi hallar öz əksini tapıb".

Ombudsman bildirib ki, bəzən yerli prokurorluq orqanlarının özündə belə cinayət işlərinin istintaqına səthi və qeyri-obyektiv yanaşma olub:

“Ötən il Baş Prokurorluq tərəfindən aparılan xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 46 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti