Dövlət boşanan ailələri barışdıracaq

Dövlət boşanan ailələri barışdıracaq
  06 Mart 2015    Oxunub:2600
Azərbaycanda mübahisəli ailələrdə barışdırıcı missiyanı həyata keçirən yeni xidmətin yaradılması təklif olunur.

AzVision.az xəbər verir ki, bu barədə Ombudsmanın 2014-cü il üçün illik məruzəsində yer alıb.

“Boşanmaların və məişət zorakılığının qarşısının alınması məqsədilə mübahisəli ailələrdə barışdırıcı missiyanı həyata keçirmək üçün müvafiq dövlət qurumlarında ixtisaslaşmış psixoloji xidmət təşkil edilməlidir”.

İllik məruzədə eyni zamanda "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihəsinin qəbulunun sürətləndirilməsi də təklif edilib. Bundan başqa, hesabatda yerli icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi, qəyyumluq və himayə orqanlarının yeni əsasnaməsinin qəbul edilməsi də tövsiyə olunub. Həmçinin qanunvericilik aktlarında "azyaşlı", "uşaq", "yeniyetmə" və "gənc" anlayışlarının yaş həddinə görə müəyyən edilməsi, ahılların cəmiyyətin həyatında iştirakının artırılmasına yönəlmiş proqramların həyata keçirilməsi üçün də təklif irəli sürülüb.

Ombudsmanın 2014-cü il üçün illik məruzəsində bildirilir ki, vətəndaşların, xüsusilə aztəminatlı və gənc ailələrin, habelə gənc alimlərin və mütəxəssislərin mənzillə təminatı məsələsinin həllinə kompleks yanaşma Dövlət Proqramında əks olunmalıdır.

Həmçinin Ombudsman qeyd edir ki, köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsini özündə əks etdirən konsepsiyanın və məqsədli Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi təmin edilməlidir.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  



Xəbər lenti