Bakıya 300 nümayəndə gəlir

Bakıya 300  nümayəndə gəlir
  06 Mart 2015    Oxunub:2177
3-cü Beynəlxalq Caspian Energy Forum-2015 bu il martın 11-də Bakıda keçiriləcək.
AzVision.az xəbər verir ki, dünyanın 17 ölkəsindən 300-dən artıq nümayəndənin 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-ə qatılması Forumun yüksək statusunu və aktuallığını bir daha sübut edir. Forumun təşkilatçısı Caspian Energy International Media Group-dur.

3-cü Beynəlxalq Caspian Energy Forum - 2015-in açılış mərasiminə Azərbaycan Respublikası Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri İlham Əliyev dəvət olunub. Forumun proqramı və spikerlərin tam siyahısı ilə www.caspianenergyforum.com saytında tanış ola bilərsiniz.

Caspian European Club-un baş icraçı direktoru Telman Əliyevin verdiyi məlumata görə, "Caspian Energy Forum-un təşkili dövlət qurumları ilə özəl şirkətlər arasında dünya bazarlarındakı, o cümlədən neft bazarındakı vəziyyətlə bağlı fikir mübadiləsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir".

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarına inteqrasiyasının bütün aspektlərinin müzakirəsi planlaşdırılır.

Enerji, nəqliyyat və infrastruktur layihələrində Azərbaycanın hakim mövqeyi, artan upstream qaz sektoru, Cənub dəhlizinin layihələri və Xəzərin ehtiyat potensialı forumun məruzəçilərinin, deleqat və iştirakçılarının diqqət mərkəzində olacaq.

İkinci hissədə isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forumu keçiriləcək. Caspian European Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, inşaat və digər qeyri-neft sektoru sahələrinə innovasiyaların tətbiqi, eləcə də biznesin aparılması, biznes-hakimiyyət dialoqunun qurulması məsələləri müzakirə ediləcək.

3-cü Beynəlxalq Caspian Energy Forum-2015-ə rəsmi dəstəyi Azərbaycan Hökuməti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Caspian European Club göstərir.

Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyklər və işgüzar naharın təşkil olunması nəzərdə tutulub. Axşam qala-ziyafət çərçivəsində Caspian Energy Award - 2015 mükafatının rəsmi təqdimetmə mərasimi keçiriləcək.

Qızıl sponsorlar: Cross Caspian Oil and Gas Logistics LLC, "Azpetrol Ltd" MMC və PASHA Bank ASC. Gümüş sponsor: «Azərbaycan Dəmir Yolları» QSC, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və Azersun Holding. Bürünc sponsorlar: Ecoland, PASHA Insurance, Caspian Wireline Services, SOCAR-FUGRO, Atropatena. Tərəfdaşlar: Socar Polymer və Murphy Shipping and Commercial Services.


Teqlər:  





Xəbər lenti