“Müdafiə Nazirliyi evin tək uşaqlarını cəbhəyə aparmır”

“Müdafiə Nazirliyi evin tək uşaqlarını cəbhəyə aparmır”
  10 Mart 2015    Oxunub:4930
Ailənin tək oğlunun ön cəbhəyə hərbi xidmətə aparılması zaman-zaman ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. Bir çoxları hesab edir ki, ailənin tək övladı hərbi xidmətə aparılmamalıdır, xüsusən də cəbhə bölgəsinə.
Şəhid övladının, yaxud ailənin yeganə oğlunun hərbi xidmətə çağırılması və ya onların cəbhə bölgəsində xidmətə göndərilməsi nə dərəcədə düzgündür?

Bununla bağlı Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, tək oğul övladları üçün ilk mövqe ondan ibarət idi ki, tamamilə onlar xidmətdən kənarda saxlansınlar.

Bu onunla əsaslandırılırdı ki, onlar müxtəlif vəziyyətdə həyatlarını itirirdilərsə, valideynlər kifayət qədər böyük yaşda olurlar və artıq onların reprodiktiv dövrü keçmiş olur, buna görə də hər hansı bir formada o genin, qanın, ailənin gələcək davamçısı itirilir:

“Ona görə də belə bir mövqeyi səsləndirənlər var idi ki, ümumi tək oğlan uşaqlı və tək övladlı ailələr üçün belə bir hüququ tanıyaq. Sonradan bəlii oldu ki, onların sayı 10 minlərlədir. Etiraf etmək lazımdır ki, müstəqillik dövründə ailə planlaşdırılması institutu Azərbaycanda formalaşan məlum ənənə, övlad dünyaya gəlmədən öncə onun cinsinin təyin olunması və s. amillər belə bir gerçəkliyi meydana çıxardı ki, 10 minlərlə insanın xidmətdən kənarda qalmasına şərait yaradacaqdı. O halda ikinci məsələ meydana çıxdı. Bu da ondan ibarət idi ki, həqiqətən də ön cəbhə əməliyyatlarına, döyüş şəraitinə, birbaşa səngərə deyil, arxa cəbhədə, yəni dislokasiya üzrə nisbətən fərqli məsafədə həmin insanların xidmətini təşkil etmək lazımdı. Məlumata görə, Müdafiə Nazirliyi faktiki olaraq praktikada məhz belə də edir. Yəni ailədə tək oğlan uşağı və tək övladı olan şəxslər üçün xidmət ön cəbhədə deyil, məhz daha çox arxa cəbhədə həyata keçirilir”.

Millət vəkili bildirib ki, bu qanunvericilik predmeti olan məsələ deyil: “Bütün bunlar hökumətin “ Hərbi xidmət və hərbi vəzifə haqqında” qanununda öz əksini tapıb. Yəni qeyd olunan məqamların hamısını qanuna daşımağa, orada konkret məsafə göstərməyə və s. ehtiyac yoxdur. Ən önəmli məsələ daxili təlimatlarda bunların öz əksini tapmasıdır. Məlumatıma görə, Müdafiə Nazirliyi faktiki olaraq ailəni tək oğlan uşaqlarını ön cəbhəyə birbaşa xidmətə aparmır. Təbii ki, ölkədə müharibə elan olunarsa, bu zaman heç kəsə istisna hüquq verilmir. İndi şərait isə belə deyil. Hesab edirəm ki, Müdafiə Nazirliyi reallıqda belə də edir”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti