“İçkili sürücülərə ən sərt cəza verilməlidir” – Deputat

“İçkili sürücülərə ən sərt cəza verilməlidir” – Deputat
  11 Mart 2015    Oxunub:1747
“Əgər içkili sürücülər İnzibati Xətalar Məcəlləsindən nəticə çıxarmırlarsa, həmin şəxslər ömürlük sürücülükdən məhrum edilməlidirlər”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, qayda pozan sürücülərə qarşı cərimələr artırılmalıdır.

“Əgər içkili sürücülər nəticə çıxarmırlarsa, Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq həbs olunmalıdırlar ki, bu ölüm hadisələrinə bir son qoyulsun. Müharibədə bu qədər adam ölmür ki, biz hər gün yol qəzalarında xeyli insanın ölümünün şahidi oluruq. Ona görə də Dövlət Yol Polisi nə qədər tədbirlər görürsə, hər zaman reydlər keçirsə də heç bir nəticəsi yoxdur. İçib əyləşirlər avtomobilə, yolların da əksəriyyəti düz olduğu üçün sürətlə idarə edirlər və dəhşətli qəzalar törədirlər. Qəza nəticəsində həm özlərini, həm də avtomobildə olan digər sərnişinlərin həyatını məhv edirlər. Düşünürəm ki, birmənalı olaraq içkili sürücülərə qarşı qərarlar sərtləşdirilməlidir”.

Qeyd edək ki, paytaxt Bakı ilə yanaşı digər rayonlarda təşkil edilən reydlər zamanı sərxoş sürücülərə rast gəlinir. Belə sürücülər isə daha çox Bakıda saxlanır. Onların arasında xanım sürücülərin sayı da az deyil.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi fevral ayının 28-dən mart ayının 7-nə qədər paytaxt ərazisində 368 sərxoş sürücü barəsində inzibati protokol tərtib edib. 2014-cü ildə isə 7626 sərxoş sürücü haqqında yol polisləri tərəfindən protokol yazılıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti