“Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir”

“Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir”
  21 May 2013    Oxunub:2658
Bazar ertəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın UAGB-nin III Forumunun işə başlaması münasibətilə tədbir iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Leyla Əliyevanın məktubunda deyilir ki, Forum Azərbaycan diasporunun əhəmiyyətli tədbirlərindən biri kimi şöhrət qazanıb: "Gündəliyə ənənəvi olaraq Azərbaycanın diaspor təşkilatlarının fəaliyyəti və həmin təşkilatların böyük potensialının həyata keçirilməsi kimi vacib məsələlər daxildir. Hazırda diasporun möhkəmləndirilməsi sahəsində siyasətin təkmilləşdirilməsi Azərbaycanın əsas dövlət prioritetlərinin sırasına daxildir. Buna görə də şübhə etmirəm ki, forumun tövsiyələrinə bütün səviyyələrdə diaspor təşkilatlarının praktiki fəaliyyətində tələbat olacaq".

Məktubda qeyd edilir ki, forumun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğu bir vaxtda keçirilməsi diqqətəlayiqdir: "Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Biz bütün istiqamətlərdə milli-dini dəyərlərimizi, adət-ənənələrimizi, mənəvi dəyərlərimizi qorumalı və saxlamalıyıq, həmçinin gənc nəsli zamanın sınağından keçən bu dini, mənəvi dəyərlər ruhunda tərbiyələndirməliyk. Ümummilli lider bizə bunu vəsiyyət edib".
Leyla Əliyeva bildirib ki, Ukrayna və Azərbaycanın siyasi, eləcə də digər sahələrdə münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Məktubda deyilir ki, xalqlarımız ənənəvi olaraq bir-birinə yaxındırlar və bu yaxınlıq Azərbaycan və Ukraynanın tarixi talelərinin oxşarlığına, həmçinin sosial-iqtisadi, etnik və siyasi proseslərə əsaslanır: "Ukrayna cəmiyyətinin demokratik, tolerant mühiti, dövlətin milli-mədəni azlıqlara münasibətdə yaxşı siyasəti həmvətənlərimizin bu gözəl ölkədə rahat və təhlükəsiz yaşayışını təmin edib. Azərbaycanın görkəmli elm, incəsənət nümayəndələri, həmçinin bəzi dövlət xadimləri Ukraynanın müxtəlif ali məktəblərində təhsil almaqla Ukrayna elmi fikrinin nailiyyətlərini mənimsəyiblər. Azərbaycanın bir çox cəsur oğulları Böyük Vətən müharibəsi illərində Ukrayna torpağının faşist işğalından azad edilməsi üçün həyatlarını qurban veriblər".

Leyla Əliyeva əminliyini bildirib ki, Ukrayna forumunun iştirakçılarının səyləri sayəsində Ukraynanın azərbaycanlı gənclərini tarixi vətənlərinin milli-dini dəyərləri ətrafında birləşdirən platforma möhkəmləndiriləcək. Bu, xaricdə Azərbaycanın səmərəli təbliğatını təmin etməyə imkan verəcək və Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında gənclərin fəallığını artıracaq. Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə azərbaycanlı gənclərin inkişafına da istiqamətlənmiş gənclər siyasətinin həyata keçirilməsinə töhfə veriləcək.

Məktubda bildirilir ki, bugünkü nailiyyət, həmçinin gələcək üçün planlaşdırılan birgə layihələrin həyata keçirilməsi dövlətlərimizin ikitərəfli münasibətlərin bütün sahələrində yaxınlaşmağa və qarşılıqlı əməkdaşlığa istiqamətlənmiş kursunun doğru olduğunu təsdiq edir ki, bu da şübhəsiz, Ukrayna və Azərbaycan xalqlarının xeyrinə olacaq: "Bir daha Ukrayna Azərbaycanlı Gənclər Birliyinə Forumu uğurlu keçirməyi və qarşıya qoyulan məqsədlərə çatmağı arzu edirəm".



Teqlər:  





Xəbər lenti