“Gənc Əkinçi” layihəsi başladı

“Gənc Əkinçi” layihəsi başladı
  13 Mart 2015    Oxunub:1564
“İrəli” İctimai Birliyinin gənc jurnalistlər arasında təşkil etdiyi “Gənc Əkinçi” layihəsi start götürüb.
AzVision.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən müxtəlif televiziya, qəzet, xəbər saytlarının gənc jurnalistlərinin iştirak etdiyi layihə 12-15 mart tarixlərində İsmayıllıda keçiriləcək. Layihənin 30 iştirakçısı ilk olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovla görüşüblər.

İcra başçısı jurnalistləri İsmayıllıda qarşılamaqdan məmnunluq duyduğunu, gənclər üçün layihələrin keçirilməsinə daima dəstək verməyə hazır olduğunu bildirib. M.Sadıqov İsmayıllı rayonunda son dövrlərdə aparılan işlər haqqında jurnalistlərə məlumat verib və bildirib ki, rayonda kənd təsərrüfatı sahələrinin balanslaşdırılmış inkişafı, yeni turizm sahələrinin qurulması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yeni iş yerlərinin açılması istiqamətində ciddi nəticələr əldə edilib.

İcra başçısı rayonda müxtəlif dövlət strukturları, özəl sektor və şəxsi biznesdə gənclərin sayının artdığını da qeyd edib. O deyib ki, İsmayıllıda savadlı, müxtəlif dil bilgisi olan, intellektual gənclərə bundan sonra da dəstək veriləcək. Daha sonra İsmayıllı Rayon Mədəniyyət Mərkəzində layihənin rəsmi açılışı olub. Açılışda çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, layihə çərçivəsində jurnalistlərə məruzəçilər tərəfindən müxtəlif seminarlar keçiriləcək, Azərbaycanın beynəlxalq məkanda tanıdılması, həqiqətlərin dünyaya çatıdırılması istiqamətində mətbuat nümayəndələrinin rolundan danışılacaq. Sədr vurğulayıb ki, layihə davamlı olacaq və hazırda iştirakçı olan jurnalistlər bundan sonra “Gənc Əkinçi” proqramı çərçivəsində öz yazıları ilə həm yerli mətbuatda, həm də xarici mətbuatda çıxış edəcəklər.

Daha sonra çıxış edən Prezident yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov vurğulayıb ki, “Gənc Əkinçi” layihəsi öz strategiyası ilə daha öncə gənc jurnalistlər üçün keçirilən seminarlardan fərqlənəcəyinə və jurnalistikaya böyük töhfə verəcəyinə ümidvardır. O.Ərəbov Gənclər Fondunun gənclərin bilik və bacarıqlarının artırılması, ölkəmizin inkişafında rol oynayan layihələrə dəstək verməkdən qürur duyduqlarını və dəstəklərini bundan sonra davam etdirəcəklərini söyləyib.

Rəsmi açılışda söz alan növbəti çıxışçı Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli vurğulayıb ki, ölkədə son illərdə savadlı, intellektual gənclərin sayı artıb və dövlət strukturlarında artıq daha çox gənc təmsil olunur. Jurnalistikanın dövlət və cəmiyyət üçün vacib əhəmiyyət daşıdığını söyləyən Cahangir Məmmədli peşəkar jurnalistlərə indiki dövrdə daha çox ehtiyac olduğunu söyləyib. Müxtəlif ictimai müzakirələrlə layihə gün ərzində davam edəcək.


Teqlər:



Xəbər lenti