Bərdədə “ASAN xidmət” açıldı - FOTOLAR

Bərdədə “ASAN xidmət” açıldı - FOTOLAR
  13 Mart 2015    Oxunub:4359
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyevə məlumat verildi ki, Bərdə regional “ASAN xidmət” mərkəzinin binasının inşasına 2014-cü ilin aprel ayında başlanılıb və bu ilin mart ayında başa çatdırılıb. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Heydər Əliyev prospektində şəhər infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var. Bundan əlavə, böyüklərin istirahəti və əylənmələri üçün də tələblər nəzərə alınıb.

Prezident İlham Əliyev xidmətdə yaradılan şəraitlə tanış olarkən bildirildi ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Bərdə də daxildə olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Ümumilikdə fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub.

Əsas məqamlardan biri odur ki, qaçqın və məcburi köçkünlər qeydiyyatda olduqları yerlərdən asılı olmayaraq, ASAN Xidmətdən faydalana biləcəklər.

Dövlətimizin başçısına “ASAN məktəb” layihəsi barədə də məlumat verildi. Bildirildi ki, layihə Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Layihə çərçivəsində ilkin mərhələdə məktəbə Bərdə rayonunda qəbul aparılacaq. Xatırladaq ki, digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər -bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib.

Prezident İlham Əliyev İnnovasiyalar zalında yeni layihələrlə tanış oldu.

Bildirildi ki, sorğu robotu - ASAN robot “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşların istiqamətləndirilməsi və məlumatlandırılmasına xidmət edir. Belə ki, robot “Çağrı” mərkəzinin operatorları ilə canlı bağlantı yaradaraq vətəndaşın sorğu və müraciətinin qəbul olunmasını təmin edir.

Məlumat verildi ki, Elektron Lisenziya üzrə Mərkəzləşdirilmiş İdarəetmə Sistemi lisenziyaların verilməsi prosesində sui-istifadə hallarını aradan qaldıran və şəffaflığı təmin edən elektron informasiya sistemidir. Sistem vasitəsilə 115 adda müxtəlif növ lisenziyanın elektron qaydada təqdim edilməsi həyata keçiriləcək. Sistemdən istifadə etməklə sahibkarlıq subyekti dövlət orqanlarına getmədən lisenziya ala biləcək. Uyğun baza və sistemlərin yaradılması və təkmilləşdirilməsi lisenziya alınması prosesinin daha şəffaf təşkili və sadələşdirilməsinə, yekun sənədin elektron şəkildə təqdim edilməsinə səbəb olacaq.

Sonra “ASAN həyat” və “ASAN xidmət” dünya mətbuatında videoçarxları nümayiş olundu.

Bərdədəki “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 170 nəfərdir ki, onların da 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də yaradılıb.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti