“Düşmənə güclü zərbələr vururuq - Ali Baş Komandan

“Düşmənə güclü zərbələr vururuq - Ali Baş Komandan
  13 Mart 2015    Oxunub:1896
“Azərbaycanın ərazi bütövlüyü də bərpa ediləcək. Biz buna nail olmaq üçün daha da güclü olmalıyıq. Çünki bildiyiniz kimi, biz bu barədə dəfələrlə fikir mübadiləsi aparmışıq. Bütün beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Tarixi ədalət də bizim mövqeyimizi dəstəkləyir”.

AzVision.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Bərdədə ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib.

Ölkə başçısı qeyd edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir.

“Dünən Pakistan Prezidenti ilə strateji tərəfdaşlıq haqqında imzaladığımız Bəyannamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməsi öz əksini tapıb. Bu ayın əvvəlində Bolqarıstanda da strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilmişdir. Orada da eyni cümlələr əksini tapıb: Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı.

Yəni, əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll edilsə idi, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir. Belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır. Son aylar ərzində Azərbaycan təmas xəttində üstünlüyü tam şəkildə təmin edibdir və bizim ordumuz, orduda xidmət edən gənclərimiz Vətəni ləyaqətlə qoruyurlar, düşmənə çox güclü zərbələr vururlar”.

Prezident bir daha diqqətə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir.

“Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq.

AzVision.az


Teqlər:  



Xəbər lenti