“Ermənilərin əl-qolu bağlanacaq”

“Ermənilərin əl-qolu bağlanacaq”
  13 Mart 2015    Oxunub:1935
“Biz Dağlıq Qarabağın sülh yolu ilə qaytarılmasının tərəfdarıyıq”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili, “Dağlıq Qarabağın azərbaycanlı icması”nın İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib.

Deputat qeyd edib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi haqqında bir neçə müqavilə var və bütün müqavilələrə əsasən Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalı və əhalimiz öz yurduna geri qayıtmalıdır:

“Hazırda Ermənistanla aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi üstünlük qazanıb. Buna tam əmin ola bilərsiniz. Sadəcə Ermənistan arxasında dayan güclər bu problemin həll edilməsinə imkan vermirlər. Jurnalistlərimiz Qarabağ haqqında öz məlumatlarını genişləndirməli və beynəlxalq məkanda təbliğat işində rol oynamalıdırlar. İnformasiya müharibəsində jurnalistlərimizin üzərinə böyük məsuliyyət düşür”.

Millət vəkili bildirib ki, separatçı rejimin rəhbərliyi müxtəlif beynəlxalq təşkilatları ziyarət edərək yalan məlumatlar verirlər və Azərbaycanın müstəqillik qazanmaq üçün onlara maneə olduğunu deyirlər:

“Biz bu məsələni araşdırırıq, onların yalan məlumat verdiyi şəxslərlə görüşürük və əsl həqiqətləri onlara çatdırırıq. Onlar həqiqətləri biləndə ermənilər tərəfindən aldadıldığını anlayırlar. Bizim cəmiyyətin üzvləri, o cümlədən jurnalistlər düzgün məlumatları beynəlxalq qurumlara çatdırmaqla ciddi çalışmalar etməlidirlər. Belə olduğu halda düşmənin əl-qolu, dili bağlanacaq”.

Rəsmi görüşlərlə əlaqədar olaraq bir neçə dəfə Ermənistanda olduğunu deyən R.Rzayev bildirib ki, Azərbaycanın kiçik bir rayonunda gedən inkişaf bütövlükdə Ermənistanda gedən inkişafdan daha çoxdur: “Mən tam səmimiyyətlə deyirəm ki, Ermənistanla Azərbaycan heç cür müqayisə edilə bilməz. Onlar özləri də bunu görürlər. Biz orada olduğumuz zaman insanlar problemin sülh yolu ilə həll edilməsini istədiklərini deyirdilər”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti