Qənirə Paşayeva Pakistan prezidentinə kitab bağışladı

Qənirə Paşayeva  Pakistan  prezidentinə kitab bağışladı
  13 Mart 2015    Oxunub:2746
Azərbaycanda səfərdə olan Pakistan prezidenti Məmnun Hüseyn millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanı qəbul edib.

Görüş üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Pakistan prezidenti ilə Dövlət başçımız İlham Əliyev arasında yüksək səviyyədə keçirilən görüş və müzakirələrin qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına böyük təkan verəcəyinə inandığını deyib.

Pakistana səfəri zamanı onu qəbul edərək geniş zaman ayıran və Pakistanla bağlı yazdığı kitab üçün dəstəyini əsirgəməyən prezident Məmnun Hüseynə təşəkkürünü bildirən Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva "Uzaqdakı ən yaxın - Pakistan" adlı yeni çapdan çıxmış kitabının ilk nüsxəsini Pakistan Prezidentinə bağışlayıb.

O, bildirib ki, gənc nəsillərimizin qardaş Pakistanı daha yaxından tanımasına imkan yaradacaq kitab Azərbaycan-Pakistan münasibətlərinə kiçik də olsa, bir töhfə verərsə, bundan çox məmnun olar. Millət vəkili kitabların bütün kitabxana, univerisitet və KİV-lərə hədiyyə ediləcəyini və geniş təqdimatının olacağını da diqqətə çatdırıb.

Yüksək keyfiyyətlə hazırlanmış kitabı nəzərdən keçirən Pakistan prezidenti Məmnun Hüseyn, onu çox bəyəndiyini deyərək, millət vəkili Qənirə Paşayevanı təbrik edib və kitabın iki qardaş ölkə arasında münasibətlərin inkişafı üçün gözəl bir töhfə olduğunu deyib. O, Qənirə Paşayevanı təkrar Pakistanda görməkdən böyük məmuniyyət duyacağını deyərək, onu dəvət edib.

Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva “Pakistan mənim üçün çox doğma bir ölkədir və hər zaman ürəyimdədir və bundan sonra da hər zaman fəaliyyətimdə qardaş Pakistanla münasibətlər xüsusi yer tutacaq”,- deyib.

Qeyd edək ki, "Uzaqdakı ən yaxın - Pakistan" kitabı Pakistanın görkəmli filosof-şairi Muhammad İqbalın "Əvvəl dostluq, qardaşlıq, sonra Yol" düşüncəsinin gerçək yaşamı, mənəvi davamı olaraq ərsəyə gəlib. Dost, qardaş Pakistan İslam Respublikasının zəngin tarixini, mədəniyyətini, adət-ənənənə özəlliklərini son dərəcə heyranlıq və xüsusi məftunluqla təqdim edən bu kitab keçilməsi vacib olan dostluq körpüsü kimidir. Müəllif kitab boyu YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən humanitar layihələrin əhəmiyyətindən söz açır. Pakistanın ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması, parlament səviyyəsində Xocalı Soyqırımını tanıması gerçəkliyi müəllifin yüksək qürur hissi ilə diqqətə çatdırdığı dostluq-qardaşlıq simvolu kimi dəyərlidir.


Teqlər:





Xəbər lenti