Jurnalistlər üçün seminar keçirilib

Jurnalistlər üçün seminar keçirilib
  14 Mart 2015    Oxunub:1198
"İRƏLİ" İctimai Birliyinin "Gənc Əkinçi" layihə çərçivəsində növbəti seminarlar keçirilib.

AzVision.az xəbər verir ki, 12-15 mart tarixlərində gənc jurnalistlər üçün İsmayıllıda keçirilən layihənin ikinci günündə hərbi jurnalistika, müharibə şəraitində yaşayan ölkədə çalışan jurnalistlərin hərbi xəbərləri necə təqdim etməsi, dövlət sirrlərinin qorunması, hərbi xəbərlər barədə məlumatların düzgün istifadə edilməsi və informasiya müharibəsində düşmənə qarşı düzgün mexanizmlərdən istifadə barədə seminar keçirilib.

Seminarın məruzəçisi Azərbaycanın tanınmış jurnalisti, TREND İnformasiya Agentliyinin əməkdaşı İlkin Bağırov olub.

O qeyd edib ki, Azərbaycanda hərbi jurnalistika və hərbi maarifləndirmə baxımından ciddi boşluq var:

"Ölkədə çox az jurnalist və özünü hərbi jurnalist adlandıran bir çox jurnalistin hərbi jurnalistika təhsili yoxdur. Mətbuatda çox zaman hərbi sahədə yayılan dezinformasiyaların əsl səbəbi də məhz hərbi savadlı jurnalistlərin az olmasıdır. Biz bunu istər Qarabağ müharibəsində, istərsə də müstəqillik dövründə müxtəlif vaxtlarda baş verən qaynar atışmalar zamanı yaşamışıq. Yalan məlumatlar insanları panikaya, təşvişə salır, evlərində rahat otura bilmirlər. Avqust hadisələrində o qədər dezinformasiya yayıldı ki, cəbhədə yaşayan insanlar evlərini tərk etmək istəyirdi. Digər rayonlarda olan insanlar cəbhəyə getmək üçün səfərbərlik etmək istəyirdi. Bu vəziyyət yalan məlumatların yayılmasına görə yaranmışdı".

Növbəti seminarda Parlament Jurnalistlər Birliyinin (PJB) rəhbəri və modern.az saytının baş redaktoru Elaşd Eyvazlı Qarabağ probleminin KİV-də əks etdirilməsindən danışıb. Müzakirə-dialoq formasında keçən seminarda gənc jurnalistlər Qarabağ probleminin jurnalistikada işıqlandırılması yollarını müzakirə ediblər.

Daha sonra millət vəkili, "Dağlıq Qarabağın azərbaycanlı icması" İdarə Heyətinin üzvü Rövşən Rzayev jurnalistikada vətənpərlik mövqeyindən çıxış edilməsi haqqında məruzə ilə çıxış edib.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti