Sosial medianın problemləri müzakirə olundu

Sosial medianın problemləri müzakirə olundu
  15 Mart 2015    Oxunub:1288
Jurnalistlərə sosial mediadan düzgün istifadə qaydaları və onlayn medianın problemlərindən danışılıb.
AzVision.az xəbər verir ki, 12-15 mart tarixlərində İsmayıllıda keçirilən “Gənc Əkinçi” layihəsinin 3-cü günündə növbəti dəfə seminarlar və ictimai müzakirələr keçirilib.

Günün ilk seminarında tanınmış jurnalist Azər Həsrət sosial media və onlayn jurnalistikada jurnalistlərin etik davranış qaydalarından danışıb. O bildirib ki, bu gün Azərbaycanda sosial mediada insanların davranış qaydaları ilə bağlı problemlər mövcuddur.

A.Həsrət hesab edir ki, hər kəs öz fikir və təkliflərini başqalarının əsəblərinə toxunmadan irəli sürə bilər: “İnsanlar bir-birinə qarşı qırıcı olmamalıdır. Müasir dövrdə artıq netiket adlı termin formalaşıb. Bu internetdə insanların internetdə davranış qaydalarını nizamlayır. Cəmiyyətdə xüsusi söz sahibi olan jurnalistlər sosial mediadan istifadə edərkən daha diqqətli olmalıdırlar. Tənqidlərə qarşı dözümlü olmaq lazımdır. Özləri isə başqalarını təhqir etməməlidirlər. Mən istənilən şəxs haqqında ən sərt yazılarımla çıxış edirəm və yenə də edəcəyəm. Amma təhqirə yol vermədiyim üçün haqqında yazdığım insanlar buna etiraz etmirlər. Hər jurnalist öz yazılarına bu prizmadan yanaşmalıdır”, - deyə ekspert söyləyib.

Azər Həsrət vurğulayıb ki, sosial mediada saxtakarlıqların qarşısını almaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyat üsulunun tətbiq olunmasının vacib olduğunu söyləyib: “İnsanlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçdikləri halda onların saxtakarlıq etməklərinə şərait qalmayacaq. Bu insanlar üzərində nəzarət mexanizması deyil. Bu şəxsiyyətləri bir-birinə tanıtmaq vasitəsidir. Belə olan halda insanlar başqa adlar arxasında gizlənə bilməyəcək”.

Saytlarda “ŞOK”, insanları aldadan, yalnız İP yığmaq üçün yazılan xəbərlərin jurnalistikamıza ciddi zərbə vurduğunu deyən Azər Həsrət sözlərinə əlavə edib ki, bu mənfi hallar bir neçə il ərzində sıradan çıxacaq və tam özünü sübut edən media qurumları üzdə qalacaq:

“Saytlar özlərini dolandırmaq üçün reklam almalıdır. Reklam almaq üçün daha çox İP yığmalıdır. Daha çox İP yığmaq üçün qeyri-professioanl xəbərlər yazmaq məcburiyyəti hiss edirlər. Azərbaycanda reklam haqqında qanunun tətbiq edilməsi, ədalətli reklam paylaşımının həyata keçirilməsindən sonra saytlarda da vəziyyət normallaşacaq”, - deyə ekspert vurğulayıb.

Seminardan sonra gənc jurnalistlər İsmayıllı rayon İcra hakimiyyətinin dəvəti ilə İsmayıllı rayon Mədəniyyət Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaradıcı kollektivinin ifasında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşasına baxıblar. Operada Leyli partiyasını Azərbaycan Respublikasının xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu isə xalq artisti Mənsum İbrahimov ifa ediblər. Tamaşanı Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə edib.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti