Deputatlarımız Çilidə

Deputatlarımız Çilidə
  15 Mart 2015    Oxunub:1639
Milli Məclisin Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Muxtar Babayevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Çili Respublikasında səfərdə olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərşivəsində nümayəndə heyəti Çili Senatının sədri Patricio Valker Prieto, Deputatlar Palatasının sədri Aldo Cornejo Gonzales, Çili Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları ilə fərdi görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan və Çili arasında parlamentlərarası əlaqələrin inkişafı, bu xüsusda dostluq qrupları arasında təmasların gücləndirilməsi, habelə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə parlamentlərin verəcəyi dəstək mövzuları müzakirə olunub. Eyni zamanda, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizin enerji strategiyası, qlobal enerji təhlükəsizliyindəki rolu, mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələr kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Çili parlamentariləri 2014-cü ildə Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyinin təsis edilməsini yüksək qiymətləndiriblər. Bu yaxınlarda Çili Milli Konqresində qəbul olunmuş, bu ölkənin də Azərbaycanda tezliklə diplomatik missiyasının fəaliyyətə başlamasının vacibliyi ilə bağlı parlament adından hökumətə müraciəti nəzərdə tutan qətnamənin surətini Azərbaycan nümayəndə heyətinə təqdim ediblər.

Milli Məclisin deputatları Çilinin iqtisadiyyat, inkişaf və turizm naziri Luis Felipe Cespedes, enerji naziri Maximo Pacheco, xarici işlər nazirinin əvəzləyici müavini Gustavo Ayares Ossandon, habelə Çilinin dövlət enerji şirkətinin baş direktoru Marcelo Tokman Ramos ilə də görüşüblər.

Görüşlərdə Azərbaycan-Çili əməkdaşlığının genişləndirilməsi üçün kənd təsərrüfatı, şərabçılıq, neft və qaz, dağ-mədən, elm və texnologiya sahələrində geniş imkanların mövcudluğu vurğulanıb, bu xüsusda iki ölkənin müvafiq qurumları arasında təmasların gücləndirilməsinin vacibliyi qeyd olunub. Əlaqələrin inkişafı üçün iki ölkə arasında qarşılıqlı rəsmi səfərlərin, biznes missiyaların təşkili, müqavilə-hüquq bazasının inkişafının əhəmiyyəti də vurğulanıb. Tərəflər iki ölkənin xalqları arasında təmasların yaxınlaşması üçün turizm, təhsil, mədəniyyət və humanitar sahələrdə də əlaqələrin təşviqinin vacibliyini bildiriblər. Görüşlərdə, həmçinin regional məsələlər, Azərbaycan və Çilinin yerləşdiyi bölgələrdəki vəziyyətlə bağlı fikir mübadiləsi də aparılıb.

Səfər çərçivəsində, eyni zamanda, Çili Xarici İşlər Nazirliyinin Andres Bello adına Diplomatik Akademiyasında “Azərbaycanın inkişaf strategiyası” mövzusunda təqdimat keçirilib. Tədbirdə çıxış edən deputatlar Muxtar Babayev və Asim Mollazadə Azərbaycanın dövlətçilik ənənələri, son illərdə əldə etdiyi yüksək sosial-iqtisadi nailiyyətlər, regional liderliyi, həyata keçirdiyi strateji enerji və infrastruktur layihələri, qlobal enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, dünyada sülhün bərqərar olunmasına verdiyi töhfələrdən bəhs ediblər. Həmçinin Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, münaqişənin yaratdığı humanitar faciə, problemin tezliklə nizamlanmasının regiondakı vəziyyətə göstərəcəyi təsir, ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi önəm, Azərbaycanda elm, təhsil, yüksək texnologiyalar sahələrində dövlət siyasəti barədə məlumat veriblər.

Çıxışlardan sonra auditoriyanın çoxsaylı sualları cavablandırılıb.


Teqlər:  





Xəbər lenti