Azərbaycanı `Eurovision`da yenə Elnur təmsil edəcək – VİDEO

 Azərbaycanı `Eurovision`da yenə Elnur təmsil edəcək – VİDEO
  16 Mart 2015    Oxunub:2691
Martın 15-də Azərbaycanın İctimai Televiziyası (İTV) ölkəni bu il Eurovision Mahnı Müsabiqəsində təmsil ədəcək olan müğənninin adını açıqlayıb.


İTV-dən AzVision.az-a daxil olan məlumata görə, dünyanın ən məşhur mahnı müsabiqəsində Elnur Hüseynovun ifa edəcəyi mistik və müasir ballada isə “Hour of the Wolf” adlanır. İTV-nin daxili seçiminin ardından Eurovision 2015 təmsilçisinin “Hour of the Wolf” mahnısı ilə Elnur Hüseynov olduğu açıqlanıb.

Elnur müsabiqəyə və Eurovision ailəsinə yad deyil. 2008-ci ildə o, Elnur və Samir duetinin tərkibində Azərbaycanın Eurovision müsabiqəsindəki ilk təmsilçilərindən biri olmuşdur. Həmin il bu duet “Day After Day” adlı mahnı ilə finalda səkkizinci yerə yüksəlmişdir. Bu ilki müsabiqədə isə Elnur “Hour of the Wolf” mahnısı ilə bir peşəkar müğənni olaraq öz istedadını nümayiş etdirmək imkanını əldə edir.

“Eurovision 2015 özümü bir solo ifaçı kimi təsdiq etməyim üçün böyük şansdır. Öz mahnıma güvənirəm, çünki onun çox güclü ismarışları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. Eurovision-a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm,” deyir Elnur. Eurovision 2008-dən sonra Elnur öz musiqi karyerasının üzərində səylə çalışıb.

O, bu müddət ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Dövlət Filarmoniyasının solisti olmuşdur. Elnur, həmçinin, məşhur “Notre-Dame de Paris” müziklının Azərbaycan versiyasında Foebus partiyasını ifa etmişdir. 2015-ci il fevral ayının 18-də Elnur beynəlxalq səs istedadları şousu - “The Voice”-un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi oldu. Müsabiqənin finalında o, şounun telesəsvermə tarixində bir rekorda imza ataraq bir milyondan çox səs topladı. 21 may tarixində Elnur Hüseynov Eurovision Mahnı Müsabiqəsi 2015-in ikinci yarım-finalında Azərbaycanı “Hour of the Wolf” müasir balladası ilə təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində uğurla debüt etmiş, 2011-ci ildə Ell və Nikkinin ifa etdiyi “Running Scared” adlı mahnı ilə qalib gəlmişdir. 2012-ci ildə Bakı 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti