`Gənc Əkinçi` başa çatdı

`Gənc Əkinçi` başa çatdı
  16 Mart 2015    Oxunub:1344
"İRƏLİ" İctimai Birliyinin gənc jurnalistlər üçün təşkil etdiyi "Gənc Əkinçi" layihəsi başa çatıb.
AzVision.az xəbər verir ki, ölkənin 30-dan çox aparıcı media qurumlarının gənc jurnalistlərinin iştirak etdiyi etdiyi layihə 12-15 mart tarixlərində 2015-ci ilin Gənclər Paytaxtı seçilən İsmayıllıda baş tutub. Layihənin yekunu ilə əlaqədar keçirilən son seminarda "İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, "Gənc Əkinçi" layihəsini həyata keçirməkdə əsas məqsəd onu yeni brend etməkdir.

İctimai Birlik sədri qeyd edib ki, Həsən bəy Zərdabinin 140 il öncə qurduğu "Əkinçi" qəzetinin adından ilhamlanaraq mətbuatda yeni bir yol tutmaq istəyirik:

“Yaxın zamanlarda "Gənc Əkinçi" adlı qəzet çap etmək niyyətindəyik. Layihə iştirakçıları qəzetdə öz yazıları ilə çıxış edəcəklər. Yaxın günlərdə layihə iştirakçıları arasında yazı müsabiqəsi keçiriləcək və qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Bundan başqa, gənc jurnalistlər hansısa təkliflə çıxış etsə biz onu dəyərləndirməyə hazırıq. Əsas odur ki, yeni ideyalar səsləndirsinlər və təşkilatçılıq işində maraqlı olsunlar. Biz lazım olan bütün dəstəyi verməyə hazırıq”. M.Seyidov bildirib ki, layihənin digər vacib məqsədi jurnalistlərin xarici mediaya çıxışını təmin etməkdir: “İRƏLİ təşkilatının artıq bu sahədə bir neçə xarici media qurumları ilə əməkdaşlıq müqavilələri imzalanıb. Azərbaycan jurnalistlərinin xarici mediaya çıxışında ciddi problemlər var. Xarici mediada Azərbaycan haqqında kifayət qədər məlumat yoxdur. Biz öz həqiqətlərimizi dünyaya çatdırmaq üçün media gücümüzdən istifadə etməliyik. Layihə çərçivəsində seminarlar keçən ekspertlər "Gənc Əkinçi"lərə də bu işdə yardımçı olacaqlar. Onlar bu sahədə artıq təcrübəlidirlər və xarici mediaya çıxış imkanları genişdir. Jurnalistlərimiz ciddi yazılar yazsınlar, biz həmin yazıları xarici mediaya çıxarmaq üçün əlimizdən gələni edəcəyik".

Azərbaycanın gənclər siyasətindən də danışan Mirhəsən Seyidov bildirib ki, dövlət hər bir gəncə fərdi yanaşır və onların hər birinin təşəbbüsünə dəstək vermək üçün müxtəlif strategiyalar hazırlayıb:

"Dövlər gənclərin hansısa təşkilatda təmsil olunmadan da fərdi olaraq layihələrdə təşəbbüskarlıq etməsində maraqlıdır. Dünyada Azərbaycan qədər gənclərə kapital qoyan ikinci bir dövlət yoxdur. Azərbaycan dövləti gələcək siyasətini məhz gənclər üzərində qurduğu üçün gənclər üçün bütün maddi və texnimi dəstəyi göstərir. İndiki gənclər üçün yaradılan şərait əvvəllər yox idi. Hansısa təşkilatda kompüterdə iş görmək istəyəndə növbəyə düzülürdülər. Çünki kompüter yox idi. İnternet zəif idi. Lazımi qədər təchizatlı ofislər yox idi. Amma indi dövlət gənclərə və gənclər təşkilatlarına hər cür şərait yaradıb.

Gənclər bu imkanları dəyərləndirməyi bacarmaldırlar”. İRƏLİ sədri daha sonra təşkilata rəhbərlik etdiyi son 8 ayda gördükləri fəaliyyət haqqında hesabatla çıxış edib. O məlumat verib ki, İRƏLİ bu müddət ərzində 7 genişmiqyaslı layihə təşkil edib ki, bu layihələrdd içtirak etmək üçün 2085 nəfər müraciət edib, onlardan 958 gənc seçilib:

"İRƏLİ son 8 ayda 7 müxtəlif təlim sessiyası, ödənişsiz əsaslarla 8 xarici dil kursu da təşkil edib. Biz bütün bunları təmənnasız edirik ki, daha çox gənc müraciət etsin və keyfiyyətli nəticə əldə edə bilək. Bundan başqa, təşkilatımız sosial şəbəkələrdə Azərbaycan həqiqətlırinin dünyaya çatdırılması üçün bir neçə aksiya keçirib. Bizim bu fəaliyyətimiz də ölkənin media qurumları tərəfindən də geniş şəkildə işıqlandırılıb. Biz fəaliyyətimizi qənaətbəxş hesab edirik, amma daha çox uğur əldə etmək, daha çox gənci maarifləndirmək və inkişaf etdirmək, Azərbaycanın gənclər siyasətinə daha çox töhfə vermək üçün bundan sonra fəaliyyətimizi daha da gücləndirəcəyik".

Hesabatdan sonra layihənin yekunu ilə əlaqədar olaraq "Gənc Əkinçilər" İsmayıllı Rayon İra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun qəbulunda olublar. Sonda isə "Gənc Əkinçi"lər layihədə iştiraklarına görə şəhadətnamələrlə təltif ediliblər.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti