Qəbul imtahanlarında fənlərin sayı azala bilər

Qəbul imtahanlarında fənlərin sayı azala bilər
  21 May 2013    Oxunub:1757
“Biz nəzərdə tutmuşuq ki, gələn ildən buraxılış imtahanında 3 fənn olsun”.
AzVision.az xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə buraxılış imtahanlarında fənlərin sayının artırılması və ya azaldılması məsələsinə aydınlıq gətirib. TQDK sədri bildirib ki, bu ildən etibarən TQDK tərəfindən orta məktəb şagirdləri arasında monitorinq imtahanları keçirilib, gələn il də bu proses davam edəcək:

“Attestat qiymətlərinin reallığı əks etdirməsinə nail olduqdan sonra buraxılış imtahanlarında fənlərin sayını artırmaq olar. Biz nəzərdə tutmuşuq ki, gələn ildən buraxılış imtahanında 3 fənn olsun. Hazırda bunun hansı fəndən olacağı və necə formada aparılacağını deyə bilmərəm”.

TQDK sədri qeyd edib ki, hazırda bu istiqamətdə müvafiq araşdırma aparılır. Onun sözlərinə görə, buraxılış imtahanlarında fənlərin sayı artırılarsa, həmin o fənnlərin sayı qəbul imtahanında azaldıla bilər:

“Düşünürük ki, məsələn şagird buraxılış imtahanında Ana dili və ya Riyaziyyat fənnindən imtahan verirsə, onun nəticələri qəbul imtahanında nəzərə alınsın. Yəni, qəbul imtahanında abituriyentlər 5 fəndən imtahan verməsinlər. Bu istiqamətdə hələlik araşdırma aparılır. Təhsil eksperti olaraq bu mənim sadəcə elmi mülahizələrimdir. Nəticədə buraxılış və qəbul imtahanları arasında fərq azalsın”.

M. Abbaszadə qeyd edib ki, qəbul imtahanları gələcəkdə yalnız əvvəlki illərin məzunları və müsabiqə vəziyyəti yüksək olan bəzi ixtisaslar üzrə keçirilə bilər.

Anar


Teqlər:  





Xəbər lenti