Milli Məclisdə papaq söhbəti

Milli Məclisdə papaq söhbəti
  17 Mart 2015    Oxunub:2909
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2014-cü il üzrə fəaliyyət haqqında hesabatı ətrafında müzakirələr başlayıb.

AzVision.az xəbər verir ki, deputat Fazil Mustafa çıxışı zamanı Novruz bayramında papaq atılması ilə bağlı hündür hasarların problem yaratdığı deyib. Millət vəkilinin sözlərinə görə, insanlar papağı o qapılara atacaqlar ki, həmin evlərin hasarları alçaq olsun:

“Xüsusilə də manatın devalvasiyasından sonra insanların yaşayış səviyyəsi aşağı düşüb. Ən əsası da banklardan kredit şəxslər üçün həmin kreditlər indi ağır yükə çevrilib. Hökumət isə onlara aydın olacaq mesajlar vermir ki, gələcəyə hansısa ümidlə baxılsın”.

O, eyni zamanda yanvar ayından həyata keçirilən müəllimlərin 33 faizlik artımlı əmək haqlarının verilməsinin təmin edilmədiyini deyib: “Müəllimlər yanvar və fevral ayından hələ də artırılması nəzərdə tutulan məbləği almayıblar. Səhiyyə sahəsində də bir çox dəyişikliklər olsa da icbari tibbi sığortanın tətbiq edilməsinin vaxtı artıq çatıb”.

Spiker Oqtay Əsədov isə deputat F. Mustafanın hasar məsələsi ilə bağlı səsləndirdiyi fikirlərə belə cavab verib: “Vaxt var idi, insanlar bacadan da papaq atırdılar. Narahat olma, sən hansı qapıya papaq atsan, inanmıram ki, papağın boş qayıtsın”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti