Deputatların təklif və şikayətləri...

Deputatların təklif və şikayətləri...
  17 Mart 2015    Oxunub:1688
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2014-cü il üzrə fəaliyyət haqqında hesabatı ətrafında müzakirələr başlayıb.
AzVision.az xəbər verir ki, deputat Musa Quliyev çıxışında tibb kolleclərinə bakalavr statusunun verilməsini təklif edib.

O, həmçinin hərbi qulluqçuların icbari sığortası ilə bağlı anlaşılmazlıq problemin olduğunu və bunun həlli üçün parlament səviyyəsində aydınlıq gətirilməsinin vacibliyini qeyd edib.

Deputat Qənirə Paşayeva bölgələrdə istismar müddəti bitən qaz xətlərinin yenisi ilə əvəz olunması təklif edib: “Seçildiyim Tovuz şəhərində son zamanlar qaz sızması səbəbindən bir neçə evdə partlayışda olub. Digər problem isə yeni inşa edilən binalarda qazın olmamasıdır. İnsanlar problemi həll etmək üçün lazım olan sənədləşmə üçün brokratik əngəllərlə üzləşir. Onlar müxtəlif sənədləri əldə etmək üçün rayon Bakı arasında yollarda qalırlar. Hesab edirəm ki, lazım olan sənədləri rayon qaz idarələrində əldə etmək daha yaxşı olardı. Ən azı süründürməçiliyin aradan qaldırılmasında bunun müsbət təsiri ola bilər”.

Deputat Çingiz Qənizadə çıxışında bildirib ki, özəl xəstəxanalarda qiymətin baha olması insanları narahat edir. Onun sözlərinə görə, bu məsələyə baxılmalıdır. Deputat Ədliyyə və məhkəmə sistemində görülən işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, elektron məhkəmənin yaradılması bu sahədə yeni inkişafın göstəricisidir: “ Bundan sonra vətəndaşlar SMS vasitəsilə məhkəməyə dəvət oluna biləcəklər. Ölkəmizdə yaradılan “ASAN” xidmət bir Azərbaycan brendidir və bunu dünyada korrupsiyaya qarşı mübarizədə nümunə kimi göstərmək olar”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti