“Nazirlərlə aylarla əlaqə saxlaya bilmirik” – Millət vəkili

“Nazirlərlə aylarla əlaqə saxlaya bilmirik” – Millət vəkili
  17 Mart 2015    Oxunub:2901
“Hər il olduğu kimi bu il də hökumətin hesabatı yüksək səviyyədə hazırlanıb. Əsas nailiyyət isə ölkədə gedən inkişafdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2014-cü il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, keçən ilin hesabatında mədəniyyət məsələlərinə də geniş yer ayrılıb: “Bu il də həmişə olduğu kimi mədəniyyət sahəsində də bir sıra önəmli hadisələr oldu. Sevindiri haldır ki, mədniyyətdə tərəqqisiz inkişaf edirik. Ayrı-ayrı regionlarımızın mədəniyyət paytaxtları elan olunması da mühüm hadisəidr. Misal olaraq, Şamaxı bu il ədəbiyyat paytaxtı olub”.

Deputat Aydın Mirzəzadə isə çıxışında ipotekaya ayrılan vəsaitin ehtiyacı ödəmədiyini vurğulayıb: “Ona görə də bununla bağlı xüsusi proqram qəbul edilməlidir. Bundan başqa, sosial evlərin tikilməsini də təklif edirəm. Çünki dövlət ucuz evlər tikərək onu aşağı faizlə və illik 3-4 faizlə ehtiyacı olanlara verə bilər. İkinci təklifim də odur ki, Bakı və Sumqayıt istisna olmaqla, mənzil tikintisi ilə məşğul digər şirkətlər vergidən azad olunsunlar. Büdcə bir neçə illik müəyyən gəlirdən məhrum edilsə də, əvəzində gələcəkdə yüz minlərlə insan mənzillə təmin oluna bilər”.

Deputat Sabir Rüstəmxanlı isə məmur-vətəndaş münasibətlərinin pis olmasından gileylənib: “Azərbaycanda məmur-vətəndaş münasibətləri dözülməz vəziyyətdədir. Bəzi məmurlar sanki keçilməz qalada gizləniblər. Biz millət vəkilləri hansısa nazirlə aylarla əlaqə saxlaya bilmirik. Öz seçicilərimizə necə deyək ki, bizim dövlət qurumları ilə aramızda uçurumlar var. Buna görə də sizin problemlərinizi vaxtında onlara çatdıra bilmirik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:



Xəbər lenti