Mübariz Qurbanlı: “Mən ailədə hegemon deyiləm...”

  17 Mart 2015    Oxunub : 2025
Mübariz Qurbanlı: “Mən ailədə hegemon deyiləm...”
“Öz səhvimi gördükdə onu etiraf etməkdən heç vaxt çəkinmirəm”

YAP İcra katibinin müavini, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı hakim partiyanın rəsmi saytına verdiyi müsahibədə uşaqlıq illərindən, ailəsindən söz açıb, bir sıra maraqlı məqamlara toxunub.


AzVision.az həmin müsahibəni ixtisarla təqdim edir.

-Mübariz müəllim, siz YAP İcra katibinin müavini, eləcə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrisiniz. Bu titullarının sayını artırmaq olar. Uşaqlıqda arzuladığınız peşəyə sahib ola bilmisinizmi?

-Uşaqlıq dedikdə, insan 4-5 yaşlarından ətraf mühiti dərk etməyə başlayır və ən azından bu yaşdan sonra hadisələr yaddaşa hopur. Məktəb həyatında da baş verən bəzi hadisələr onun həyatında əbədi qalır.Orta məktəbdə oxuduğu dövrlərdə uşaqlara ətrafda olan insanlar belə sual verirlər ki, böyüyəndə nə olacaqsan? Belə sualları indi biz də uşaqlara veririk. Əlbəttə, uşaqlığın ilk dövrlərdə seçdiyi peşə heç də adekvat olmur, sadəcə ətrafda oxşamaq istədiyi adamın peşəsini deyir. Uşaq vaxtlarında bu sual mənə də verilib. Mən xatırlayıram ki, bu cür suallar veriləndə mən müəllim olmaq istədiyimi demişəm.

- Bu arzunuza çatmısınız. Yəni uzun müddət müəllim işləmisiniz...

- Mən müəllim ailəsində böyümüşəm. Yəqin ona görə də həmin suallara belə cavab vermişəm. Arzuma çatmaq baxımından desək, bəli, 1978-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra üç il orta məktəbdə dərs demişəm. Aspirantura təhsilindən sonra isə, ali məktəbtə müəllim kimi fəaliyyət göstərmişəm. Həyatın müxtəlif mərhələlrindən keçərək bu vəzifəyə gəlib çatmışam.

-Bəs Mübariz Qurbanlı siyasətə necə gəldi?

- Mən orta məktəbin 8-ci sinfinə qədər öz kəndimizdə, Şəmkir rayonu Kotənəli kəndində oxumuşam. 8-ci sinfi tərifnamə ilə bitirmişəm. O zaman belə bir qayda var idi ki, 8-ci sinfi tərifnamə ilə bitirənlər texnikumlara imtahansız daxil ola bilirdilər. O zaman Gəncə Politexnik texnikumunun avtomobil nəqliyyatının istismarı şöbəsinə daxil oldum. 8-ci sinfi bitirəndə 14 yaşın içində idim. 3 il texnikumda oxudum, buranı da fərqlənmə diplomu ilə bitirmişəm. Sonra isə istehsalatda çalışmışam. Daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tarix fakültəsinə daxil olmuşam, bu təhsil müəssisəsini də fərqlənmə diplomu ilə bitirmişəm.

Siyasətə gəlincə isə, ali təhsilim sırf siyasətə bağlı ixtisasdır. Görünür, humanitar elmə marağım çox olub. Mən kiçik yaşlarımdan çoxlu bədii ədəbiyyat oxuyurdum, azərbaycanlı və xarici yazıçıların əsərlərini 8-ci sinfi bitirənədək oxumuşdum. Humantar elmlərə, xüsusilə tarix elminə həvəsim böyük olub. BDU-da 1970-ci illərdə qaynar siyasi mühit var idi. Mən də 1973-78-ci illərdə burada ali təhsil almışam.

Baxmayaraq ki, kemiş SSRİ-də təkpartiyalı sistem idi, amma seçdiyim ixtisas, oxuduğumuz kitablar, xüsusilə fakültədəki mühit bizdə çoxlu suallar doğururdu. Sualların cavabları isə siyasiləşmiş idi. Doğru cavab olsaydı, dövlətin marağına uyğun ola bilməzdi. Yəni fakültəmiz siyasiləşmiş olduğuna görə burada təhsil alan tələbələrin əksəriyyəti siyasi proseslərdə mütləq iştirak edirdi. Onların bir çoxu ali təhsili başa vurduqdan sonra yüksək vəzifələrə gedirdilər. Eyni zamanda, sonradan milli azadlıq hərəkatına da qoşulanlar var idi.

Ümumiyyətlə, humanitar fakültələrin tələbələri daha çox siyasətə meylli idilər. Tələbəlik illərində siyasi proseslərin içərisində idik.

Siyasətə gəlişim isə belə oldu ki, xalq hərəkatı başlananda mən də bu prosesə qoşuldum, xalqla birgə idim. Siyasi partiyalar formalaşanda isə ilk olaraq Milli İstiqlal Partiyasının üzvü, sonra katibi olmuşam. 1993-cü ildə o partiyadan istefa vermişəm və Ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmişəm. YAP yarandığı vaxt mən AMİP-in katibi idim. Mən də Azərbaycanı xilas edən lider kimi Heydər Əliyevin siyasətini qəbul etmişəm. Bu, doğru seçim idi. Milli maraqlar Heydər Əliyev siyasəti ilə üst-üstə düşdüyü üçün xalq bu siyasətin arxasınca gedirdi. Bu gün də milyonlarla insan bu siyasətin arxasınca gedir.

Özünü başqasının yolunda fəda edən deyiləm

- Sizi siyasətçi kimi yaxşı tanıyırıq. Bəs Mübariz Qurbanlı ailədə necədir?

-Mən alturis, yəni özünü başqasının yolunda fəda edən insan deyiləm. Amma həmişə qarşı tərəfi düşünürəm. Qarşılıqlı hörmətə tərəfdaram, dialoq tərəfdarıyam. Məntiq mənim ziddimədirsə mən onu qəbul edirəm. Öz səhvimi gördükdə onu etiraf etməkdən heç vaxt çəkinmirəm.

Həmişə ədalətin tərəfində olmaq mənim üçün əsas kriteriyadır. Ailədə də ədalətli olmalısan. Ailə üzvlərinə qarşı da belə olmalıdır. Ailədə kişinin aparıcı rolu danılmazdır. Çünki ailədə bütün məsələlərə cavabdeh kişidir. Hətta qadın üstün vəzifə tutmuş olsa da, qazancı daha çox olsa da, evdə kişinin nüfuzu olmalıdır. Bu olmasa, övladların tərbiyəsinə mənfi təsir göstərə bilər. Hesab edirəm ki, bu kriteriyadan çıxış etsək, mən ailədə hegemon, diktat şəkildə mövqe ortaya qoyan adam deyiləm. Ailədə hər şey məsləhət, fikir mübadiləsi ilə olmalıdır.Bu mənada, bizim ailədə belə bir mühit var.

Övladların təhsili, ailə qurmaq seçimi də təbii ki, məsləhətlər çərçivəsində olmalıdır. Doğrudur, valideyn olaraq onların seçimlərinə hörmətlə yanaşırıq, amma bu məslələrdə öz tövsiyyələrimizi verməliyik. Bu tövsiyələr nəticəsində övlad öz düşüncəsində müəyyən dəyişiklik edə bilər. İnsan cəmiyyətinin azadlığının bir hüdudu olduğu kimi, ailədə də hüdudlar var. Ailə maraqları bu hüdudlardan kənarda öz yer tapmamalıdır. Ailədə mütləq qarşılıqlı inam və hörmət qorunmalıdır. Diktat mövqe yaxşı hal deyil. Sadaladığım amillər ailədə sağlam mühitin olması üçün vacib şərtdir.

- Siz uzun müddət müəllimlik fəaliyyəti ilə məşğul olmusunuz. Bu müddətdə gənclərlə daha çox işləmisiniz. Eləcə də, YAP İcra katibinin müavini olaraq da gənclərlə sıx ünsiyyətdəsiniz, həm də ailədə də iki oğul atasısınız. Necə hesab edirsiniz, sizin dövrün gəncliyi ilə indiki gənclər arasında fərq hansı səviyyədədir?

- Nəsillərarası ziddiyyət, nəsillərarası varislik deyilən bir anlayış var. Mənim gənclik illərimdə rəngli televizor, mobil telefon yox idi. İndiki kimi informasiya mübadiləsi sürətlə getmirdi. Mənim dövrüm ilə müqayisədə indiki gəncliyin düşüncəsində böyük fərq var. Məsələn, bizim o zaman müəyyən adətlərlə əlaqədar oynadığımız oyunları indikilərə heç vaxt etmirlər. İndi yeni düşüncəyə uyğun oyunlara üstünlük verilir. Dərslərə hazırlaşmaq üçün kitabxanalara gedirdiksə, indiki gənclik bir kitabxananı bir kompüterə yerləşdirir. İndi daha çox fərdiləşmə var. Əvvəllər ictimai nəqliyyatda hamının əlində kitab, qəzet var idi. İndi isə daha çox telefon var. Yəqin, bundan sonrakı nəsil indikindən bir az da fərqli olacaq.

Bizim dövrümüzdə İstanbulu, Təbrizi, Londonu görməyi yalnız xəyal edə bilərdik. Amma indi istənilən vaxt istənilən yerə getmək mümkündür. Hazırda mədəniyyətlərarsı, sivilizasiyalararası münasibətlər o qədər intensivləşib ki, indiki gənclik tamamilə əvvəlki nəsildən fərqlənir. Buna görə, indiki gəncliyi qınamaq doğru deyil. Bu, onun dövrüdür, missiyasıdır. Bu missiya milli adət-ənələlərə və milli maraqlara zidd olmamalıdır. Mən indiki gəncliyə böyük inamla baxıram. Hesab edirəm ki, onlar öz tarixi missiyalarını böyük uğurla yerinə yetirəcəklər.

AzVision.az

Teqlər: