Baş bankirdən önəmli manat açıqlaması

Baş bankirdən önəmli manat açıqlaması
  18 Mart 2015    Oxunub:3094
"Manatın devalvasiyası ölkənin köklü strateji maraqlarına xidmət edir”

AzVision.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Baş bankirin sözlərinə görə, bu məsələ daha çox neftin qiymətinə bağlı olan məsələdir:

"Xarici mühitdə baş verən hadisələr manata təsirsiz ötüşmədi. Əslində anlamaq lazımdır ki, devalvasiyaya, korreksiyaya uğrayan manat, dollar deyil, neftin qiymətidir. Manatın avroya qarşı kəskin möhkəmlənməsindən sonra biz valyuta səbətinə keçdik. Təbii ki, bu proses məzənnəyə müəyyən çeviklik gətirdi və bu, bazarda hiss olunmağa başladı. Biz böyük bir ajiotajın şahidi olduq. Son dövrlər biz ajiotajı yatırtmaq üçün gündə 500 milyon dollara yaxın vəsait sərf edirdik. Valyuta ehtiyatlarımızın 10 milyard dollardan bir artıq olduğunu nəzərə alaraq, özünüz (millət vəkilləri - red.) hesablaya bilərsiniz ki, ajiotajı yatırtmaq nə vaxta qədər davam edəcəkdi. Bu, məsələnin bir tərəfidir. Hesablamalarımız göstərdi ki, belə bir dollarlaşma tempində təxminən manat kütləsinin 70%-i dollara çevrilə bilər. Bu iki səbəb ona gətirə bilərdi ki, manatın məzənnəsi üzərində olan nəzarəti itirə bilərdik. Bu cür şəraitdə manatın məzənnəsinin korreksiyası haqqında qərar qəbul olundu. Hesab edirəm ki, bu qərar ölkənin köklü strateji maraqlarına xidmət edir. Bu qərar qəbul olunmasa idi, bir müddət sonra daha kəskin devalvasiyaya getməli olacaqdıq".

E.Rüstəmov bildirib ki, devalvasiyanın aparılması ilə bağlı qəbul olunan qərar makroiqtisadi sabitliyin, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi baxımından olduqca vacibdir. Onun sözlərinə görə, Maliyyə Nazirliyi büdcə xərclərini mövcud neft qiymətləri əsasında həyata keçirir:

“Azərbaycan son illərdə bir sıra sahələrdə olduqca əhəmiyyətli uğurlar əldə edib. Əldə etdiyimiz uğurlar ona görə qiymətlidir ki, 2008-ci ildən yaşanan böhran təbii ki, bizdən də yan keçmir. Bu nəticələr böhranın 2014-cü ildən məhz Azərbaycan üçün yeni dalğasının başlanması kontekstində olduqca əhəmiyyətlidir. 2008-ci ildə böhranın başlaması Azərbaycan üçün təsirli oldu və bu təsirin ən mühüm kanalı neftin qiymətidir. Neftin qiyməti kəskin aşağı düşəndə, biz bu çağırışa kəskin makroiqtisadi reaksiya verdik. Büdcə sabit xərclər prinsipinə keçdi. Biz milli valyutamızı müdafiə etdik. Çünki proqnozlar onu göstərirdi ki, neftin qiymətinin düşməsi bir o qədər də uzun çəkməyəcək və manatın məzənnəsinin sabit saxlanılması üçün biz təxminən 1 milyard dollardan yuxarı vəsait sərf etdik.

Ardınca 2010-cu ildə neftin qiyməti sabitləşdi və biz sərf etdiyimiz vəsaiti geri qaytara bildik. Lakin 2014-cü ildən etibarən neftin qiyməti yenidən düşməyə başladı. Bu isə yeni fenomendir. Bildirmək istəyirəm ki, ötən ildən başlayaraq müşahidə olunan ucuzlaşma 80-ci illərin əvvəllərindəki ucuzlaşmaya bənzəyir”.

Baş bankir qeyd edib ki, neftin ucuzlaşması hələ uzun müddət davam edəcək:

“Neftin ucuzlaşmasının kökündə həm tələb, həm də təklif faktoru durur. Bununla yanaşı, hazırda OPEC və OPEC-ə üzv olmayan ölkələr arasında ziddiyyətlər mövcuddur. Bu isə maliyyə bazarlarına öz təsirini göstərir. Belə olan halda, proqnozlar pessimistikdir. Belə olan halda, biz məsuliyyətli hökumət olaraq, buna reaksiya verməliyik. Bu reaksiya ilk növbədə fiskal reaksiyadır. Bizə 2015-ci ilin dövlət büdcəsində neftin baza qiymətinin niyə 90 dollardan götürüldüyü barədə sual verirlər. Çünki, mövcud durumu heç kim gözləmirdi. Lakin biz gözəl bilirik ki, bu gün hökumət, Maliyyə Nazirliyi büdcə xərclərini real neft qiymətləri əsasında həyata keçirir. Bu, çox düzgün siyasətdir”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti