Energetik içkilər bizdə qadağan oluna bilərmi?
İlk dəfə olaraq, 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri, xüsusilə gənclər arasında çox məşhurdur.
Bəzi Avropa ölkələrdə, məsələn, Norveç, Danimarka, Fransada bu içkilərin sərbəst satışı qadağandır. Bu günlərdə Çeçenistan lideri Ramzan Kadırov da muxtar respublikanın ərazisində energetik içkilərin satışını qadağan edən qanun layihəsini hazırlamaq barədə sərəncamı verib. Tərkibində süni kofein olan enetgetik içkilərin Azərbaycanda satışı yalnız məktəb bufetlərində qadağan olunub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzVision.az-a bildirib ki, bütün dünyada energetik içkilər, o cümlədən “Coca-Cola” yararsız içki hesab olunur.
E.Hüseynovun sözlərinə görə, dünya təşkilatları bu kimi içkilərin antireklam kompaniyasını aparır:
“Azərbaycanda yalnız məktəblərdə bu içkilərin satışına qadağa qoya bilmişik. Artıq bir ildən çoxdur ki, məktəb bufetlərində belə içkilərin satışı dayandırılıb. Amma biz istəyirik ki, energetik içkilərin satışına kökündən qadağa qoyulsun. Hazırda mənim stolumun üstündə “Coca-Cola” firmasının istehsalı olan “Bonaqua” suyu var. Qapağı açılmamış halda içində göbələklər üzür. Birmənalı olaraq insanların xüsusilə də azyaşlı uşaqların həyatına təhlükəlidir”.
Birlik sədri hesab edir ki, ölkəmizdə energetik içkilər vəzifəli şəxslərin monapoliyasındadır.
Standartlaşma Meterologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə AzVision.az-a bildirib ki, energetik içki bazarında monitorinqlər aparılır.
Komitə rəsmisinin sözlərinə görə, həmin içkilərin tərkibində kofein ola bilər. Lakin Azərbaycanda kofeinin istifadəsinə qadağa qoyulmayıb. Odur ki, energetik içkilərin də satışına qadağa qoyula bilməz.
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


