`Şuşaya Azadlıq` kampaniyası müsabiqə elan etdi

`Şuşaya Azadlıq` kampaniyası müsabiqə elan etdi
  18 Mart 2015    Oxunub:2403
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ilə birgə əməkdaşlıq çərçivəsində “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının loqosunun müəyyənləşdirilməsi məqsədilə beynəlxalq loqo müsabiqəsi elan edir.

Bu gün keçirilən mətbuat konfransında “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası çərçivəsinə görülən işlər, qarşıda duran planlar və loqonun məqsədləri haqqında ətraflı məlumat verilib.

Tədbiri giriş sözü ilə açan kampaniyanın koordinatoru Sənan Nəcəfov qeyd edib ki, “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsüylə irəli sürülən, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan qədim Azərbaycan şəhəri, “Qafqazın musiqi beşiyi” adlandırılan Şuşanın – zəngin mədəniyyət mərkəzinin işğal həqiqətlərini dünyaya çatdırmağı, Şuşa mədəni irsinə yönələn erməni vandal hərəkətlərinin dayandırılmasını, bu sahədə ədalətin bərpasına xarici ölkələri, onların ictimai fəallarını, vətəndaş cəmiyyəti institutlarını cəlb etməyi nəzərdə tutan bir təbliğat və dəstək kampaniyasıdır.

S.Nəcəfov bildirib ki, 2013-cü ildən başlanılan kampaniya çərçivəsində iki ölkədə beynəlxalq konfranslar təşkil edilib. Onun sözlərinə görə, loqonun elan olunmasında məqsəd kampaniyaya beynəlxalq imic qazandırmaqdır.

S.Nəcəfov əlavə edib ki, “2014-cü ildə isə “Şuşaya Azadlıq” tələbi ilə 22 dildə videoçarx hazırlanaraq, beynəlxalq ictimaiyyətə təqdim olunub və bundan sonra da bu istiqamətdə mədəni və kütləvi tədbirlərin bu il də təşkil olunması nəzərdə tutulur.

ADTGT sədri Asif Əsgərli isə bildirib ki, loqo tarixi Azərbaycan şəhəri, Qarabağ xanlığının mərkəzi olmuş qədim Şuşa şəhərinin çoxəsrli və müxtəlif kaloritli mədəniyyətini, zəngin mədəni irs abidələrini və milli arxitekturasını, təkrarolunmaz təbiətini və təbii-rekreativ resurslarını dünyaya nümunə olacaq, geniş ictimai maraq kəsb edəcək şəkildə tanıtmalı və təbliğ etməlidir.

Onun sözlərinə görə, loqoda Şuşa şəhərinin işğal həqiqətləri, onun maddi-mədəni sərvətlərinin dağıdılmasına yönələn erməni vandal hərəkətlərinə etiraz, beynəlxalq dəstək, Şuşa üçün sülh və azadlıq çağırışları kimi məqamlar da öz əksini tapmalıdır.

Müsabiqədə Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət fəaliyyət göstərən, yaşayan qeyri-hökumət təşkilatları (QHT), yaradıcı təşkilatlar və fiziki şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün yaş və təhsil məhdudiyyəti qoyulmur. Hər bir iştirakçı maksimum 2 loqo versiyası (eskizi) təqdim edə bilər. İştirakçı hüquqi və fiziki şəxslər öz loqo təklif(lər)ini xüsusi “müsabiqəyə qatılmaq üçün ərizə forması” ilə birgə 18 mart 2015-ci il tarixdən 12 aprel 2015-ci il tarixədək elektron poçtla ([email protected]), CD diskdə birbaşa və ya poçt vasitəsilə ADTGT-nin ofisinə (Bakı şəh., AZ 1070, Yeni Yasamal 2, ev 2, mən. 82) təqdim etməlidir.

Loqo əvvəllər yayımlanmamış olmalı, öncə yaradılmış loqolara və ya onların komponentlərinə tam uyğun gəlməməli və Konsepsiyaya uyğun onun məzmununu əks etdirməlidir.

Orijinallığı yaradılmış ekspert komissiyası tərəfindən ən yüksək qiymətləndirilən loqo qalib loqo kimi seçiləcək və 28 aprel 2015-ci il tarixdə geniş ictimai təqdimatla elan ediləcəkdir. Seçilmiş loqo “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosu statusunu alacaq və loqodan istifadə hüququ Şuraya və kampaniyaya məxsus olacaqdır.

Seçilmiş, qalib loqonun müəllifi Şura tərəfindən 2 000 AZN pul mükafatı ilə və diplomla mükafatlandırılacaq.


Teqlər:





Xəbər lenti