“Həyat yoldaşım mənə stimul verir” – Bahar Muradova

“Həyat yoldaşım mənə stimul verir” – Bahar Muradova
  19 Mart 2015    Oxunub:6929
“Bu bir həqiqətdir ki, əksər hallarda qadının kişidən siyasi sahədə öndə olması, vəzifəcə üstün olması ailədə müəyyən diskamfort yaradır. Hətta ilk vaxtlar bunu arzulayan kişilər belə uzun müddət dözə bilmirlər, özlərini kompleksdə hiss edirlər, qadının daha çox fəallığının ailədə problem yaratdığını üzə vururlar”.
AzVision.az-ın məlumatına görə bu fikirləri Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova “İki sahil” qəzetinə müsahibəsi zamanı deyib.

B. Muradova müsahibəsində öz ailəsindən də danışıb. Xanım vitse-spiker ailədə həyat yoldaşının rolunun böyük olduğunu vurğulayıb:

“Siyasətdə necə tanıyırsınızsa, ailədə də elədir. Proseslərdən baş çıxarmaq, rəqabətə davam gətirmək, siyasətdə qalmaq üçün ailənin dəstəyi lazımdır. Bilirsiniz, bir çox hallarda Azərbaycan qadınını cəmiyyətdə, karyera yüksəlişində geri çəkən əsas faktor ailənin mühafizəkarlığıdır. Bəzi hallarda qadınların irəliyə getmək istəyi və imkanı olsa da, ailə onu geriyə çəkir. Bu baxımdan mənim bəxtim gətirib. Gənc vaxtlarımdan atam, ailəm bu sahəyə gəlməyimə mane olmayıb, əksinə kömək ediblər. Ən azı qazandığım uğurlara görə seviniblər. Bu, insana stimul verir və onları daha da sevindirmək üçün daha çox çalışmaq istəyirsən. Qadının öz ailəsi, həyat yoldaşına gəlincə, onların da bu məsələdə çox böyük rolu var. Xüsusilə həyat yoldaşının rolu böyükdür. Qadının məşğul olduğu sahədə uğur qazanması üçün həyat yoldaşının dəstəyi çox böyük əhəmiyyət kəsb edir”.

B.Muradova həmçinin həyat yoldaşından da söz açıb: “Tanrıma şükür edirəm ki, Rafael müəllim kimi insanla rastlaşmışam. O, nəinki mənim siyasi fəaliyyətimə mane olmur, əksinə bütün işlərimdə dəstək verir. Hər addımda mənim yanımdadır, həm məsləhətləri ilə, həm də bəzi hallarda məni təəccübləndirəcək tövsiyələri ilə. O, fəal siyasətdə olmasa da, onun içərisindədir. Özünün həyat təcrübəsi, mövqeyi var, YAP-ın sıralarına ilk vaxtlardan qoşulub, çalışdığı müəssisədə ilk ərazi partiya təşkilatı yaradıb. Amma sizə deyim ki, bu illər ərzində mən bir dəfə də olsun Rafael müəllimdən mənim məşğul olduğum sahənin ailəmizin vaxtını alması, bu sahənin qadın üçün çətin olması barədə heç bir irad eşitməmişəm. Bəzən hansısa fikirlərimdə çox irəli getdiyim hallarda belə onun dəstəyini görmüşəm. Bu mənada çox rahatam. Onu həyatımda böyük arxa-dayaq kimi görürəm. Və ona minnətdaram ki, bu çətin və şərəfli yolda mənə həmişə dəstək olur, ruhlandırır. Uğurlarımın əksər hissəsini onunla birgə qazanmışam”.

Bahar Muradova xoşbəxtsinizmi sualına isə belə cavab verib: “Şəxsi müstəvidə götürsək, özümü xoşbəxt hiss edirəm. Amma, əlbəttə ki, bir siyasətçi, Milli Məclisin deputatı, vətəndaş, qarabağlı kimi torpaqlarımızın işğal altında olduğu bir şəraitdə xoşbəxtəm demək mümkün deyil. Hər zaman gözümüzün biri sevinəndə, digəri mütləq qəmlənir. El-obamı azad görmədən, rahatca əzizlərimin məzarını ziyarət etmədən, erməni təcavüzkarlarının son əsgərinin ərazilərimizi tərk etmədən xoşbəxtəm deməyə hər hansı siyasətçinin mənəvi haqqı yoxdur. O cümlədən də mənim”.

AzVision.az


Teqlər:



Xəbər lenti