“Arif Hacılı yaxşı qucaqlaşa bilmədi”

“Arif Hacılı yaxşı qucaqlaşa bilmədi”
  19 Mart 2015    Oxunub:2497
“Son zamanlar Müsavat daxilində baş verənlər Arif Hacılının başqan seçiləndən sonra işini düzgün qura bilməməsinin nəticəsidir. Mənim fikrimcə, Arif Hacılı bütün müsavatçıları yaxşı qucaqlaya bilmədi”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat Partiyasının üzvü, başqanlığa keçmiş namizəd Tural Abbaslı bildirib.

O, partiyadakı kütləvi istefalara münasibət bildirərək qeyd edib ki, Müsavatdan gedənlər arasında Arif Hacılının tərəfdarları da var.

“Bu gün istefa verənlərin bir qismi qurultayda Arif Hacılıya səs veriblər. Elşən bəylə dostluğumuza gəlincə isə, bəli o,bizlə dostdur və dostluğumuza görə də həmişə indiki rəhbərlik tərəfindən sıxışdırılıb”.

T.Abbaslı əlavə edib ki, hazırkı rəhbərlik hələ də insanlara qrup maraqlarından yanaşır:

“Həmin istefa verən adamların hamısı 15-20 ilin müsavatçılarıdır, partiyada illərlə əziyyətləri olan adamlardır. Rəhbərliyə tövsiyə edirəm ki, istefa verələri dəvət etsin, söhbət edib problemlərlə tanış olsun. Lazım gələrsə, özü həmin insanların iş otağında bir stəkan çay içib söhbət etsin. Bunlar daha dərin məsələlərdir, amma onların bir çoxu partiyadaxili məsələlər olduğu üçün aça bilmirik və açmaq yaxşı da çıxmaz”.

T.Abbaslı hesab edir ki, Arif Hacılı başqan seçilibsə, bütün tərəflərin başqanı olmağı bacarmalıdır.

“Mənlə razı olanlarla bir yerdəyik, olmayanlarla bir yerdə deyilik” – deyə bir anlayış olmamalıdır”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti