Avtobus sürücüsünü bıçaqlayan şəxsə 9 İL HƏBS

Avtobus sürücüsünü bıçaqlayan şəxsə 9 İL HƏBS
  19 Mart 2015    Oxunub:1733
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törədən Mehdi Yusifovun cinayət işi üzrə məhkəmə başa çatıb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Mehdi Yusifov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 1-də baş verib. Abşeron rayonu Novxanı qəsəbəsinin sakini, 32 yaşlı Mehdi Yusifovun marşrut avtobuslarının birində konduktor işləyən Anar adlı şəxslə zarafat etməsi sonda cinayətlə nəticələnib. Konduktorun işlədiyi sərnişin avtobusunun sürücüsü Elçin də söhbətə qarışıb və Mehdiyə onunla zarafat etməsini irad tutub. Bu irad isə Mehdi Yusifovun acığına gəlib. Mehdi özündə olan cib bıçağı ilə Elçinə bir neçə zərbə vurub. Elçin aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Mehdinin zarafat etdiyi Anar əslində nitqi qüsurludur. Elə zərərçəkmiş Elçinin söhbətə müdaxilə etməsi də bununla bağlı imiş. Mehdi Yusifov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Mehdi Yusifov 9 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti