Aslan Aslanovun oğlu ilə bağlı açıqlama

 Aslan Aslanovun oğlu ilə bağlı açıqlama
  20 Mart 2015    Oxunub:3873
“Polis əməkdaşları kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlu Turqay Aslanova məxsus olduğu bildirilən Az 90 AN 291 nömrə nişanlı “KİA” markalı avtomobillə bağlı heç bir protokol tərtib etməyiblər”.
AzVision.az-ın məlumatına görə, bunu virtualaz.org-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Bundan başqa V.Əsədov bildirib ki, yol polisi bu cür məlumatları həqiqətə uyğun olmayan təxribat hesab edir.

“Yol polisi təxribat xarakterli bu informasiya yayılandan sonra ekspertiza təyin edib, küçələrdəki videokameraların bütün çəkiliş qeydlərinə baxış keçirilib, amma haqqında danışılan gün heç bir insidentə rast gəlinməyib. Özü də bu xəbəri yayan KİV orqanı yol polisi ilə əlaqə saxlamayıb, mütəxəssislərin rəyini öyrənməyib. Bu cür informasiyalar bir qayda olaraq yalan olur və başqa məqsədlər güdməklə yanaşı, həm də yol polisinin fəaliyyətinin üstünə gölgə salır”, - deyə V.Əsədov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl bəzi KİV-lər Aslan Aslanovun oğlunun "KİA" markalı avtomobillə xuliqanlıq etdiyi və buna görə DYP əməkdaşları tərəfindən saxlanıldığı barədə xəbər yaymışdılar.

Yol polisindən əməkdaşımıza onu da bildiriblər ki, haqqında söhbət gedən avtomobil hansısa Vahid Quliyevin adınadır.

Sonda onu da qeyd edək ki, müxalifət mətbuatı, demək olar hər gün A.Aslanovun oğlunun maşınının saxlanıldığı barədə “növbətçi” xəbərlər yayırlar və yol polisi də dərhal həmin xəbərləri yalanlayır.

AzVision.az


Teqlər:





Xəbər lenti