`Bakı 2015`in yeni elçiləri

`Bakı 2015`in yeni elçiləri
  25 Mart 2015    Oxunub:1990
Bakı 2015 Avropa Oyunları daha iki beynəlxalq atleti ilk yay tədbirinin idman elçiləri edib.
AzVision.az Bakı 2015-ə istinadən məlumat verir ki, almaniyalı stolüstü tennisçi Dmitri Ovtçarov və Yunanıstan qılıncoynadanı Vassiliki Vuqiuka məşğul olduqları idman növlərini təmsil edəcək və Oyunları reklam etmək üçün öz vətənlərində keçiriləcək genişmiqyaslı marketinq kampaniyalarında və sosial şəbəkədə fəal iştirak edəcəklər.

D.Ovtçarov hazırda dünyada altıncı idmançı sayılır və Almaniyanın stolüstü tennis komandasının tərkibində 2008-ci ildə keçirilmiş Pekin Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, həmçinin həm kişilər arasında təkbətək, həm də komanda tərkibində 2012-ci ildə keçirilmiş London Olimpiya Oyunlarında bürünc medal qazanıb.

V.Vuqiuka qılıncoynatmanın sablya növü ilə məşğul olur və hazırda dünyada altıncı yerdə sıralanır. O, 2010-cu ildə Budapeştdə keçirilmiş qılıncoynatma üzrə Dünya Kubokunda qızıl medal qazanıb və bu, yunan idmançının qılıncoynatma üzrə ilk Dünya Kuboku olub və 2012-ci və 2013-cü illərdə keçirilmiş Avropa çempionatlarında gümüş medalın sahibi olub.

Bakı 2015-in baş əməliyyat direktoru Saymon Kleqq deyib: “Bu qisimdən olan beynəlxalq səviyyəli idman elçilərinin bir araya gəlməsi idman təqvimindəki bu yeni tədbirin əhəmiyyətindən xəbər verir. Əminəm ki, həm Dmitri, həm də Vassiliki Oyunların təşviq edilməsində əllərindən gələni edəcək və Avropa idmanının inkişafında əhəmiyyətli rol oynayacaqlar”.

Hər iki atlet irlandiyalı boksçu Katie Taylor, taekvando komandasının atleti Jade Cons, fransız ritmik gimnastı Kseniya Mustafaeva, Danimarkanın kanoye sprinteri Holten Pulsen və Serbiyanın 3x3 basketbol komandasının oyunçuları Dusan Domovik Bulut, Marko Savik. Marko Zdero və Decan Macstoroviç-in yer aldıqları idman elçiləri sırasına qoşulublar.

26 yaşlı D.Ovtçarov söyləyib: "Birinci Avropa Oyunları stolüstü tennisin statusunun qaldırılması və bu idman növünə yeni azarkeşlərin cəlb edilməsi üçün əla imkandır. Həmçinin qitəni bir araya gətirəcək yeni və irimiqyaslı idman tədbirində iştirak olduqca xoşagələn bir haldır. Oyunların tezliklə başlanmasını və açılış mərasimində bu idman növünün geniş şəkildə təşviq edilməsini səbirsizliklə gözləyirəm".

28 yaşlı V.Vuqiuka bildirib: "Qılıncoynatma məşhur Avropa idman növüdür və bu idman növü ilə məşğul olan bir idmançı kimi Bakıda keçiriləcək birinci Avropa Oyunlarının reklam edilməsinə cəlb edilməkdən qürur duyuram. Dünya miqyasında keçirilən yarışlarda iştirak etmişəm və idmanın insanları necə bir araya gətirməsinin şahidi olmuşam və aylar öncə Bakı 2015-i tanınmaq üçün əlimdən gələni edəcəyəm”.

Bakı 2015-in Almaniya nümayəndəliyinin rəhbəri Dirk Skimmelpfenniq deyib: “Dimitrinin Bakı 2015 beynəlxalq idman elçpisi qismində iştirakı onun Avropa Oyunlarına dəstəyini əks etdirir. Almaniya güclü idman ənənəsinə malikdir və idmançı səfiri proqramı ölkədə qabaqcadan Bakı 2015-ə marağın və həyəcanın yaranmasına kömək edəcək”.

Yunanıstan Olimpiya Komitəsinin prezidenti və Bakı 2015-in AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos söyləyib: “Heç şübhə etmirəm ki, Vassiliki Bakı 2015-in reklam edilməsində böyük iş görəcək və bu da, Bakıda bu yay keçiriləcək oyunlarda bütün Yunanıstan atletlərinə dəstək olunmasına öz töhfəsini verəcək. Belə ki, Avropanın ən yaxşı qılıncoynadanlarından biri olaraq siz birinci Avropa Oyunları üçün ondan yaxşı idman elçisi tapa bilməzsiniz”.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti