XİN rus deputatın cavabınıı verdi

XİN rus deputatın cavabınıı verdi
  29 Mart 2015    Oxunub:1952
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Dövlət Dumasının üzvü Leonid Slutskinin Ermənistanda keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin II katibi Könül Süleymanlı L.Slutskinin Ermənistanda keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri şərh edərək bildirib: "Leonid Slutskiyə xatırlatmaq istərdik ki, onun səfər etdiyi Yerevan şəhərində faşist Almaniyasının SS birləşmələrinin generalları olan Njde Qareqin və Drasmat Kanayanın (“Dro”) şərəfinə Ermənistanın “milli qəhrəmanları” kimi abidələr ucaldılıb, mərkəzi meydanlardan birinə Njde Qareqinin adı verilib. Leonid Slutskinin Ermənistanda görüşdüyü Ermənistanın hakim siyasi partiyasının rəsmi ideoloji əsasını isə “Njdexeizm” təşkil edir".

O, qeyd edib ki, L.Slutski millət vəkili kimi öz reallıq hissini itirməyərək faşizm üzərində qələbənin 70 illiyi ərəfəsində faşizmin qurbanı olmuş milyonlarla keçmiş SSRİ vətəndaşının ruhuna hörmət əlaməti olaraq, rəsmi Yerevan qarşısında faşist generallarının “qəhrəmanlaşdırılması” və onların şərəfinə hətta Moskvada tədbirlərin keçirilməsi məsələsinə münasibət bildirməli idi: "Belə bir münasibətin bildirilməsi hələ də gec deyil. Leonid Slutskiə onu da xatırlatmaq istərdik ki, erməni terror təşkilatı olan ASALA-nın təsisçilərindən olmuş və onlarla mülki insanın terror yolu ilə öldürülməsində şəxsən iştirak etmiş terrorçu Monte Melkonyanın da şərəfinə milli qəhrəman kimi Ermənistanda abidə ucaldılıb".

XİN rəsmisi vurğulayıb ki, radikal ideologiya əsasında həyata keçirilən etnik təmizləmə siyasətinin nəticəsidir ki, Ermənistan dünyada yeganə mono-etnik dövlətdir. Ermənistan ərazisində tarixi torpaqlarında azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar. Ermənistanda yaşayan digər millətlər də bu siyasətin qurbanı olublar. SSRİ-nin süqutu ərəfəsində Ermənistan ərazisində 28-dən artıq rus kəndi olduğu halda, indi demək olar ki, onların heç biri qalmayıb: "Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan Leonid Slutskinin görüşdüyü Ermənistan rəhbərliyinə Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal, təcavüz və qanlı etnik təmizləmə siyasətinə son soymağa dair çağırış etməsi daha təqdirəlayiq olardı. Leonid Slutskinin tarixi təhrif etməsi və siyasiləşdirməsi əvəzinə, rəhbərlik etdiyi komissiyanın gündəliyinə Xocalı faciəsini çıxarması daha düzgün addım olardı".

K.Süleymanlı bildirib ki, real rəqəmlərin fərqində olmayan L.Slutski regionda “silah yarışması”ndan danışır: "Leonid Slutskinin yaddaşını təzələmək istərdik ki, əhalisinin 50 faizə yaxını yoxsulluğun ən ifrat həddində yaşayan və xarici borcu ümum daxili məhsulu bir neçə dəfə üstələyən Ermənistan ÜDM-in adambaşına düşən nisbətinə görə dünyada ən çox silahlanmış bir dövlətdir. Ermənistanın ianələr və xarici borclar hesabına silahlanma siyasəti Azərbaycana qarşı işğal və təcavüzün saxlanmasına xidmət edir. İşğal, təcavüz və ilhaqçı siyasətinə son qoyduğu halda, Ermənistan silahlanmaya sərf etdiyi vəsaiti bərbad vəziyyətdə olan ölkənin inkişafı naminə istifadə edə bilərdi".

Onun sözlərinə görə, L.Slutskinin bu səpkidə çıxışı Azərbaycan ilə Rusiya Federasiyası arasında yaxın tərəfdaşlıq münasibətlərinə zərər vura bilər: "O, təhrif edilmiş formada Azərbaycanda keçirdiyi görüşlərdən danışır. Bakıda olduğu zaman isə Azərbaycanın yüksək rəhbərliyi ilə keçirdiyi görüşü zamanı Azərbaycan ərazilərinin işğalına son qoyulmalı olduğunu bildirmiş və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə etmişdi. Onun qeyd olunan mülahizələri Azərbaycan-Rusiya əlaqələrinin ruhuna zidd olaraq, Azərbaycanın daxili işlərinə qarışmaq kimi başa düşülə bilər".

AzVision.az


Teqlər:  





Xəbər lenti