TANAP kimə nə verəcək? – TƏHLİL

TANAP kimə nə verəcək? – TƏHLİL
  30 Mart 2015    Oxunub:3861
TransAnadolu Qaz Kəməri (TANAP) Azərbaycanın “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazı Avropaya çatdırmaq üçün Türkiyənin Gürcüstanla birləşən ərazisindən Yunanıstanla sərhədinədək tranziti həyata keçirməklə, loru dildə desək, Avropa bazarına uzanacaq boru kəmərlərinin “gövdəsi” sayılacaq. Azərbaycan qazını Avropaya ötürəcək ümumi boru kəmərlərini ağaca bənzətsək, Cənub Qaz Dəhlizi onun kökünü, TANAP gövdəsini, TransAdriatik Qaz Kəməri (TAP) isə əsas budağını təşkil edəcək.

“Şahdəniz-2” qazının 2018-ci ilin II yarısından etibarən Türkiyəyə çatdırılacağını nəzərə alsaq, TANAP-ın tikintisinə start verilməli idi. Avropaya isə qaz 2020-ci ilin əvvəlində - TAP da tikilib istifadəyə verildikdən sonra çatacaq.

Bütün hadisələr bir daha qəti şəkildə deməyə əsas verdi ki, hər cür mənfi və qeyri-nikbin söyləntilərə baxmayaraq, Azərbaycan qazı dünyaya çıxacaq. Və bunun qarşısını heç bir qüvvə və amil ala bilməyəcək. İndiyədək Bakının təşəbbüsü ilə reallaşmış bütün layihələr nəyinki regional, hətta dünya bazarları üçün əhəmiyyətli bir vasitəyə çevrilib.

TANAP-la bağlı Azərbaycan ilə Türkiyə hökumətləri arasında saziş 2012-ci ilin iyununda Prezident İlham Əliyevlə Türkiyənin o vaxtki baş naziri, indiki prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmışdı. “Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük“, – deyə, İlham Əliyev demişdi.

TANAP Bakı-Tbilisi-Ceyhandan sonra regionda prinsipcə ən böyük layihə sayılır. Onun Şərq ucunda zəngin qaz resursları olan böyük bir regiondan böyük daşıyıcı imkana malik mənbə dayanırsa, Qərb ucunda tələb nöqteyi-nəzərdən hər gün bir az da inkişaf edən bazarlar şəbəkəsi durur.

Cənub Qaz Dəhlizinin təməlinin atılması TANAP üçün “qapını açdı”. Sonuncunun gerçəkləşməsi isə istər-istəməz TAP-ı qaçılmaz edəcək. Beləliklə də “Şahdəniz-2” qazı nəzərdə tutulduğu vaxtda Avropa bazarına çıxacaq ki, yox, əgər, TANAP yalnız söhbət mövzusu olaraq qalardısa, bütün bunlar baş tutmayacaqdı.

Bəlkə də elə bu səbəbdən idi ki, “Şahdəniz-2” yatağından çıxarılacaq qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri sırasında ən çox mübahisə doğuranı məhz ortancılı idi. Azərbaycan qazını Avropa bazarında görmək istəməyənlər məhz onu şübhə altına almışdılar.

TANAP gah rentabelsiz, gah da bahalı layihə kimi dəyəndirilirdi ki, Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov da bu günlərdə sözügedən kəmərlərin Azərbaycandan başlayaraq Gürcüstandan, daha sonra isə Türkiyədən keçməli və Avropayadək çəkilməli olduğundan Bosfor boğazının dibi ilə boru kəməri inşa etmək lazım olduğunu demişdi. “Bu, texniki baxımdan çox çətindir. Maliyyə baxımından isə çox baha” – deyə, V. Çijov vurğulayıb.

Əvvəl də buna oxşar fikirlər söylənilmişdi. Rusiya mütəxəssislərinin Azərbaycan qazının Avropa üçün yalnız “kabab bişirməyə” kifayət edəcəyi haqda söylədikləri xatırlansa kifayətdir. Düzdür, Azərbaycanın Avropanın tələbatını ödəyə biləcək qədər qazı yoxdur - ilkin olaraq 2020-ci ildə cəmi 10 milyard kubmetr qaz idxal edəcəyik ki, Avropanın tələbatı ilə müqayisədə ehtiyatlarımız hətta olduqca gülünc səviyyədədir. Avropanın qaza tələbatı 500 milyard kubmetrdən çoxdur.

Bununla belə, Cənubi Qaz dəhlizi, TANAP və TAP Avropanın Cənub-Şərq hissəsini yetərincə qızdıra biləcək. Və ölkəmizin strateji məqsədi də bütün Avropanı isitməkdən ibarət deyil. Sadəcə olaraq, bazarda potensial enerji daşıyıcıları sırasında mövqe qazansaq kifayətdir. Digər tərəfdən, Türkiyə TANAP layihəsində bizdən daha çox maraqlıdır. Çünki Ankara üçün çox gərəklidir. Odur ki, adı çəkilən ölkənin Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldızın sözügedən layihəni Türkiyənin enerji təhlükəsizliyi üçün əhəmiyyətli fürsət olduğunu demişdi.

Türkiyənin təkcə tranzit deyil, həm də istehlakçı ölkədir və onun özünün də qaz idxalı sahəsində diversifikasiyaya ehtiyacı var. Bu arada Rusiya prezidenti Vladimir Putinin keçən ilin sonunda Türkiyəyə səfəri zamanı "Cənub axını" layihəsindən imtina etməsini xatırlamaq gərəkdir. Həmin layihənin gündəlikdən çıxması Azərbaycan üçün xeyirli oldu. O mənada ki, bu layihə ölkəmizin Avropanın qaz bazarına iddiaları qarşısında ən böyük “baryer” sayılırdı. "Cənub axını" layihəsi tikilib istifadəyə verilərdisə rus qazı həcm və qiymət baxımından bizimkindən üstün olduğundan Azərbaycan üçün ciddi alternativ olacaqdı.

Ancaq “Cənub axını” boru xəttinin tikintisinin əvəzində Türkiyəyə yeni xətt “Türk Axını” çəkiləcəyi açıqlanıb ki, bu, yenə də Azərbaycan qazına alternativ deməkdir. Özü də bu dəfə daha əyani və ciddi...

Odur ki, Moskvanın TANAP-a "barmaqarası" baxması və Azərbaycanın onsuz da bu boru kəməri vasitəsilə 15 milyard kubmetrdən artıq qaz ixrac edə bilməyəcəyi barədə israrları Avropaya qaz ixracı ilə bağlı hər şey Rusiyanın istəyinə uyğun inkişaf edərdisə, Azərbaycan qazının Türkiyə bazarına çıxarılması üçün də belə "tıxac" olacaqdı.

Ancaq məhz Türkiyənin öz iqtisadi maraqları nöqteyi-nəzərdən tutduğu mövqe nəticəsində TANAP gerçəkləşməli oldu. Çünki Türkiyə də daxil olmaqla Avropanın qaza durmadan artmaqda olan tələbatını ödəmək baxımından vəziyyət olduqca mürəkkəb və çətindir. Və potensial ixracçıların sayı az olduğundan əslində onların uğrunda idxalçılar arasında da ciddi mübarizə gedir. Real olaraq isə elə rəqabət şəraiti yaranıb ki, alıcılar diversifikasiya imkanları barədə qazın həcmindən daha çox düşünürlər. Yəni, həcm məsələsi Avropa üçün hazırda ikinci dərəcəli məsələyə çevrilib.

Bütün bu deyilənlər baxımından, ümumi uzunluğu 1850 kilometr, dəyəri 12 milyard ABŞ dolları, illik buraxılış gücü ilkin olaraq 16, üç il sonra 24, 2025-2026-cı illərdən isə 31 milyard kubmetrə çatdırılacaq TANAP-ın təməlinin atılması və tezliklə tikilib istifadəyə verilməsi hələ çox ideya və planlar ortaya çıxaracaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti