Bakıda xüsusi reyd - 100 sürücü cərimələndi

Bakıda xüsusi reyd - 100 sürücü cərimələndi
  30 Mart 2015    Oxunub:1902
Paytaxt yol polisi müvafiq icazə almadan reklam yayan nəqliyyat vasitələrinə qarşı reyd keçirib. Reyd zamanı 100-dən artıq avtomobil sahibi cərimələnib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, son günlər yol polisi tərəfindən həyata keçirilən tədbirlər zamanı paytaxtın inzibati ərazisində nəqliyyat vasitələrinin üzərində reklam materiallarının qanunsuz olaraq, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan yayılması faktlarına rast gəlinib. Nəticədə taksilərin, həmçinin avtobus və yük maşınlarının üzərində qanunsuz reklam fəaliyyəti ilə əlaqədar 100-dən artıq sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

V.Əsədov qeyd edib ki, reklam haqqında qanunvericiliyin pozulmasına görə saxlanılan nəqliyyat vasitələrinin əksəriyyətinin hüquqi şəxslərə məxsus olduğu müəyyən edilib. BŞDYPİ belə fəaliyyətlə məşğul olan sürücülərə xəbərdarlıq edir ki, İnzibati Xətalar Məcəlləsinin 221.2-ci maddəsinə (Reklam haqqında qanunvericiliyin pozulması) əsasən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə edilir.

AzVision.az


Teqlər:



Xəbər lenti