`Sinqapur möcüzəsi`ni yaradan adam – DOSYE

`Sinqapur möcüzəsi`ni yaradan adam – DOSYE
  30 Mart 2015    Oxunub:14577
Çağdaş dünyamızda həmişə Qərb dəyərləri və inkişafı nümunə göstərilir. Lakin son illərin statistikası islahatlarla bağlı Qərbə yönələn gözlərin Asiyaya çevrilməsinə səbəb olub. Söhbət Cənub-Şərqi Asiyada, Malayziyanın cənubunda yerləşən Sinqapur ada-dövlətindən gedir.

Ekvatordan 137 km. şimalda yerləşən, ərazisi 710 kvadrat km. olan Sinqapurun son 30 ildə keçdiyi inkişaf yolunu möcüzə hesab etmək olar. Daha doğrusu, bu yolun möcüzəli olduğuna dair həm siyasətçilər, həm də iqtisadçılar öz fikirlərini bildiriblər.

İkinci Dünya Müharibəsindən sonra keçid dövrünü uğurla həyata keçirən Sinqapur naliyyətlərinə görə 1965-ci ildən başlayaraq, 30 ildən artıq müddətdə bu ölkəyə rəhbərlik edən Li Kuan Yuya borcluduq.

`Aslanlar şəhəri`nin sakini

“Sinqx” sanskritdən tərcümədə aslan, “pur” isə qala-şəhər mənasını verir. Yəni Sinqapur sözünü Azərbaycan dilinə tərcümə etdikdə, bura “aslanlar şəhəri” demək olar. Li Kuan Yu “Aslanlar şəhərinə” köç edən çinli ailəsində dünyaya gəlib. Onun babası 19-cu əsrin sonlarında yaxşı qazanc məqsədilə Sinqapura köçən Li Bokbun adlı çinlidir.

O, dünyaya gələndə babası qəhrəmanımıza – gələcəyin qurucusuna Kuan - “işıq”, yu - “parlaq” adını verir. Beləliklə, bugünki Sinqapurun banisi Li Kuan Yu 1923-cü ilin sentyabrın 23-də “Aslanlar şəhəri”ndə dünyaya gəlir. Ailəsi onun tərbiyəsi və təhsili ilə xüsusi məşğul olur. Kuan Yu 1931-ci ildə ingilis məktəbində təhsil almağa başlayır. Təhsilində uğurlar qazanan Li sonralar verdiyi müsahibələrində etiraf edir ki, məktəbdə oxuduğu dövrdə ingiliscə doğma xan dilindən daha yaxşı danışa bilirmiş.

Kuan Yu 1939-cu ildə imtahan verərək, Britaniyanın nüfuzlu Kembric Universitetinə daxil olur. Lakin bir müddət sonra başlayan İkinci Dünya Müharibəsi həm onun təhsilini yarımçıq qoymasına səbəb olur, həm də gələcək planlarına ciddi təsir edir.

Beləcə, təhsilini yarımçıq qoyan Kuan vətəninə dönür. Qısa bir müddətdən sonra isə qonşu ölkələrlə yanaşı, Sinqapur da faşist Almaniyasının müttəfiqi olan Yaponiyanın işğalına məruz qalır. Uzun illərdən sonra bu böyük dövlət xadimi həmin dövrü belə xatırlayır: “Məni siyasətə sürükləyən yaponlar oldu”.

Azadlığa doğru...

Almaniyanın, ardınca isə Yaponiyanın İkinci Dünya Müharibəsində məğlubiyyəti Asiyada yeni dönəmin başlanğıcı olsa da, ilk illər Sinqapur üçün çətin keçdi.

Britaniya qoşunları gələnə qədər ada bir müddət Malaziya kommunistlərinin təsir dairəsinə düşür. 1945-ci ilin sentyabrında Sinqapurda ingilis hərbi bazası formalaşdırıldı. Kuan Yu bu imkandan yararlanaraq, Londonda təhsilini sona çatdırır. Təhsil illərində ictimai işlərdə yaxından iştirak edir və Asiyadan olan tələbələrlə bölgənin inkişaf yollarını arayır.

1950-ci ildə vətənə dönən Kuan Yu təhsilinə uyğun olaraq, vəkil kimi fəaliyyətə başlayır. Kembric Universitetinin tələbəsi olan gənc vəkil karyerasında uğurla addımlamağa başlayır. Bununla da o, yerli həmkarlar təşkilatları ilə sıx fəaliyyət göstərməyə başlayır. Həmin dövrdə həmkarlar təşkilatları adada ingilis müstəmləkəçiliyinə qarşı çıxış edir, Britaniyadan olan şirkətlər işçilərin haqlarını pozduğuna görə, davamlı olaraq, müxtəlif səpkidə aksiyalar həyata keçirirdilər.

1952-ci ildə Li siyasi hərəkata qoşulur, 1954-cü ildə isə gənc həmfikirlərilə birlikdə Milli Demokrat Partiyası təsis olunur. Növbəti ildə Sinqapurun ilk parlamentinə keçirilən seçkilərdə bu partiya 3 deputat yeri qazanır. Li Kuan Yu da qalib gələnlərin arasında olur. 1959-cu ildə keçirilən seçkilərdə isə Linin də təmsil olunduğu partiya 51 yerdən 43-nü qazanır. Parlamentdəki çoxluğun səyi nəticəsində Sinqapur Britaniya Krallığının tərkibində nominal muxtariyyət qazanır. Bununla da ada özünü idarə etmək hüququna sahiblənir. Həmin dövrdən başlayaraq, Sinqapurda Li Kuan Yunun partiyası parlamentdə demək olar ki, mütləq çoxluğa malik olur. Həmin dövrdən başlayaraq, hökumətə rəhbərlik edir.

Mütləq müstəqillik

Li Kuan Yu bu mərhələdə də ölkəni çətin vəziyyətdən çıxarmağı bacarır. Özünü idarə etmə hüququ qazanan Sinqapur bundan sonra süni maneələrlə qarşılaşır. Malaziya və İndoneziya tərəfindən ticari blokada şəraitinə salınan ölkənin çıxış yolu qonşu dövlətlərlə ittifaq bağlamaqdan keçir. O, bunu da edir. Uzun danışıqlardan sonra Sinqapur 1963-cü ildə Malaziya Federasiyasının yurisdiksiyasına keçir. Dərhal Li Kuan federasiyanın ortaq dövlət kimi fəaliyyət göstərməsi üçün siyasi mübarizəyə başlayır. O, bu dövlətdə çinlilərin bərabər hüquqa malik olmasını tələb edir. İki il sonra isə Malaziya dövləti problemin özünəməxsus həlli yolunu tapır və 1965-ci ildə Sinqapur federasiyadan kənara “atılır”. Belə demək mümkünsə Sinqapurdan azad olmaq üçün imtina etdilər. Bu da Li Kuan Yunun uğurlu siyasətinin nəticəsində baş verir. Hər hansı bir silahlı qarşıdurma olmadan Sinqapur öz müstəqilliyini elan edir.

“Kuan Yu islahatları” - “Dünya bizi yedizdirməyə borclu deyil”

Müstəqilliyin saxlanılmasının çətinliyini anlayan Li hökuməti, ölkənin daxili istehsalının olmadığını anlayır, sənayenin inkişafının vacibliyini dərk edirdi. Vətəndaşları çalışmağa sövq etmək, islahatlara stimul yaratmaq üçün bu kiçik ölkə yeni şüarla yaşamağa başlayır: “Dünya bizi yedizdirməyə borclu deyil”.

Uzun illərdən sonra Li Kuan Yu uğura aparan yol haqqında “Sinqapur tarixçəsi: 1965-2000. Üçüncü dünyadan, birinciyə keçid” kitabında yazır:

“Sinqapurun uğuru haqda danışarkən, onu bir cümlə ilə belə əvəzləmək olar: Qarşılıqlı etibar vardı və biz sağ qalmaq üğrunda mübarizə aparırdıq”.

Li kitabında bildirir ki, inkişafın modeli olaraq, xarici – daha inkişaf etmiş ölkələrin investorlarını ölkəyə cəlb etməklə bərabər, sahibkarların rahat çalışması üçün bütün bürokratiya aradan qaldırıldı: “Hər bir şirkət üçün vasitəçi-məmur ayrıldı. Həmin məmur sahibkarın uğurlu fəaliyyətinə səfərbər edildi. Yəni sahibkar bir neçə qurum gəzmək bürokratiyasından xilas edildi. Bununla da dünyanın tanınmış şirkətləri Sinqapura gəldi və ölkənin iqtisadi inkişafına start verdi”.

Statistikaya görə, Sinqapurda Li istefaya getdiyi dövrdə - 1990-cı ildə orta əmək haqqı 12 200, 2005-ci ildə isə 27 490 ABŞ dollar idi.

Qeyri-adi qanunları ilə seçilən ölkə

Li Kuan Yunun hakimiyyəti illərində ölkədə korrupsiya halına demək olar ki, rast gəlinməyib. Bu gün baş nazirin məvacibi 50 min ABŞ dollarıdır (ABŞ prezidentinin maaşı 33 min dollardır). Dövlət məmurlarının da aylıq məvacibləri yüksəkdir.

Misal olaraq, xatırladaq ki, uzun illər əvvəl milli inkişaf naziri De Çzinvanın korrupsiyada əli olduğu sübuta yetiriləndən sonra intihar edib.

Bu gün Sinqapur təmizliyi, səliqə-sahmanı ilə də dünya ölkələrindən seçilir. Buna nail olmaqdan ötrü isə zamanında Li Kuan tərəfindən sərt qanunlar tətbiq edilib. Məsələn, küçəni çirkləndirən şəxs 600 dollar cərimə olunur. Tualetdə natəmizliyə yol verən vətəndaşa isə bu 80 dollara başa gəlir.

Cibində saqqız aşkar olan şəxs bu əməlinə görə hökumətə 1000 dollar cərimə ödəməlidir. Bunun səbəbi isə uzun illər əvvəl saqqız səbəbindən metropolitendə baş verən ciddi problem olub. Belə ki, qatar vaqonunun qapısının sensoruna yapışdırılan saqqız hərəkətə mane olub və bu da metronun hərəkətində narahatlıq yaradıb. Li Kuan Yu isə bu problemi radikal yolla həll edərək, yuxarıda qeyd olunan qərarın verilməsinə nail olub.

Bu ölkədə üzərində 15 qram heroin tutulan şəxsin cəza müddəti isə ömürlükdür.

1959-1965 və 1965-1990-cı illərdə ölkənin baş naziri olmuş Li Kuan Yu öz istəyi ilə istefaya çıxıb. İstefaya getdikdən sonra belə, o, hökumətə qeyri-rəsmi şəkildə rəhbərlik edib.

Bu ilin martın 23-də sabiq baş nazir, Sinqapur dövlətinin banisi, 91 yaşında dünyasını dəyişib.

Li Kuan Yu 30 illik fəaliyyəti dövründə Sinqapuru dövlət kimi formaşaldırmaqla yanaşı, bir çox ölkələrin inkişaf etməklə bağlı arzularını reallaşdıra bilib. Bu, böyük uğurlara doğru sıçrayış olub.

Ramil Məmmədli


Teqlər:





Xəbər lenti