Prezident Bakıyla bağlı sərəncam imzalayıb

Prezident Bakıyla bağlı sərəncam imzalayıb
  22 May 2013    Oxunub:1246
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) təqdim edilmək üçün sifariş kitabı hazırlansın.

Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) həvalə olunub.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.

Respublikamızda futbolun inkişafı və təbliği məqsədi ilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb.

Belə bir mötəbər yarışın Bakıda keçirilməsi Azərbaycanda futbolun daha da inkişafına və idman aləmində ölkəmizin nüfuzunun artmasına kömək edər.


Teqlər:  





Xəbər lenti