`Kimlərisə narahat ediriksə, demək, düz yoldayıq`

`Kimlərisə narahat ediriksə, demək, düz yoldayıq`
  31 Mart 2015    Oxunub:1832
Dünyada baş verən ictimai-siyasi porseslər beynəlxalq güclərin gənc müstəqil dövlətlərin inkişafını istəmədiklərini bir daha aydınladır. Bu, inkişaf yolunu tutan ölkələrin daxili işlərinə Qərbin müdaxiləsi ilə müşahidə olunur. Azərbaycan da inkişaf etdikcə, Qərbin bu kimi təzyiqlərinə məruz qalır.

Əslində Qərb heç bir qanuna sığmayan bu addımları ilə öz tarixi və siyasi simasını üzə çıxarır. Bu məsələyə Prezident İlham Əliyev də Novruz bayramı şənliyindəki nitqində toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır: “Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya, əslində, heç vaxt dayanmamışdır”.

Prezident deyib ki, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır: “Bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur. Kimin gücü var, o müqavilələrə məhəl qoymur. Yəni dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik. Bu dövrü biz başlamamışıq. Biz həmişə beynəlxalq hüquqa əsaslanmışıq və bütün siyasətimizi belə qurmuşuq. Öz səsimizi ucaltmışıq ki, nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir”.

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilov düşünür ki, I Avropa Oyunları yaxınlaşdıqca Qərb ölkələrinin “demokratiya institutları”ndan tutmuş “mətbuatı”na qədər bir ağızdan Azərbaycana qarşı çirkli PR kampaniyası geniş vüsət alır: “Mən heç onlardan bunun əksini də gözləmirdim. Azərbaycanda gözəl bir atalar sözü var: “Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”. Bu gün bunlar adama bu atalar sözünü xatırladır. Qərbi biz də tənqid edə bilərik, özü də onlardan fərqli olaraq ədalətli və faktlara söykənərək. Uzaqdan demokratik dəyərlərlə dolu, ədalətli cəmiyyət, insan azadlığı və s. zənginliklərlə dolu görünür Qərb. Ancaq bu, elə uzaqdan belədir, içinə daxil olduqda bunların yalnız maket olduğu aydınlaşır. Bu maketi onlar neçə əsrlərdir məkr, hiylə ilə, milyonlarla günahsız insanların qanları ilə hazırlayıblar”.

Anar Xəlilova görə, məqsəd dünya ağalığı, xalqların talanı, sərvətlərin ədalətsiz bölünməsidir: “Bunların yaratdığı maketdən qıraqda digər xalqların yaratdığı insani dəyərlər isə nədənsə şərlənir, pislənir, qeyri-demokratik və s. olur. Cəmisi 24 ildir müstəqillik əldə etmiş bir ölkə əgər bunların izni olmadan inkişaf edirsə, demək, orada ədalətsizlikdir, insanları istismar edirlər, demokratiya yoxdur, insan haqları pozulur və s. Həmin ölkə ya bunların dediyi kimi olmalı, ya da çökdürülməli və xaosa sürüklənməlidir. Bunlar da böyük qırğın və dağıntıdan sonra gəlib orada demokratiya dərsi deyib, öz adamlarını hakim edib, sərvətlərini aparmalıdır. Ancaq daha zaman dəyişir, xalqlar yenidən dirçəlir və başa düşürlər ki, müstəqil şəkildə inkişaf etməklə, maddi sərvətləri dövlətçilik və insan kapitalına yönəltməklə öz gələcəklərini özləri qurmalıdır. Təbii, bu prosesdə neqativ hallar da olacaq, çünki başlanğıc və təməlqoyma ağır prosesdir. Bu proses zamanı baş verən bütün neqativliklər zaman-zaman həllini tapmalıdır”.

SİMİB sədrinin fikrincə, Qərbin bu gün düzəltdiyi maket iki dünya müharibəsi, inqilablar, terrorizm nəticəsində yaranıb: “Bu gün yenidən dirçələn xalqlar bunları etmir. Sadəcə inkişaf etmək, sivil cəmiyyət qurmaq, bir sözlə insan kimi yaşamaq istəyirlər. Bəlkə Qərb qorxur? Qorxur ki, Çin səddini aşan xalqlar birdən inkişaf edib, bunların da saxta maketini aşar? Ancaq narahat olmasınlar, bu xalqlara ehtiyac qalmayacaq, düzəltdikləri maket özü dağılma prosesinə qədəm qoyur. Bu gün biz öz inkişaf prosesimizdə inamlı və çirkin PR-lara qarşı əzmkar olmalıyıq. Elmimizə, təhsilimizə və mədəniyyətimizə arxalanmalı, gələcək böyük ideyalar naminə güclü dövlət quruculuğuna çalışmalıyıq. Prezident İlham Əliyev Novruz şənliyində iştirakı vaxtı Qərbin bəzi dairələrinin antiazərbaycan kampaniyası ilə bağlı söylədikləri fikirləri dəstəkləyirəm və hesab edirəm ki, bizi apardığımız inkişaf prosesindən heç kim döndərə bilməz. Biz, demək, doğrudan da, düz yoldayıq və inkişafımız da gedir ki, kimlərisə narahat edirik. Baxın, heç əhalisinin çoxu yoxsulluq səviyyəsində yaşayan ölkələr haqqında bu qədər çirkin fikirlər Qərb mətbuatında səslənmir. Əhalisinin 60 faizi qaçan Ermənistan haqqında bu fikirlər yoxdur. Son dövrlərin bir populyar ifadəsi var “ikili standartlar”, artıq bu söz öz təsirin itirib. İndi dordstandart, beşstandartlar tətbiq olunur”.


Teqlər:





Xəbər lenti