Aprelin 5-də ilk sınaq imtahanı keçiriləcək

Aprelin 5-də ilk sınaq imtahanı keçiriləcək
  01 Aprel 2015    Oxunub:2529
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına başlayır. İlk sınaq imtahanı aprelin 5-də respublikanın 29 şəhər və rayonunda keçiriləcək.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48 min 343 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Valideyninin və digər qohumların şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaq.

Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanışlığa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə bacarıqlarını inkişaf etdirirlər.

AzVision.az




Teqlər:





Xəbər lenti