Tanınmış alim vəfat etdi

Tanınmış alim vəfat etdi
  02 Aprel 2015    Oxunub:2559
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.
Azərbaycan Milli Elmlər Akademiyasından verilən xəbərə görə, Azərbaycan iqtisad elmi məktəbinin yaranmasında, yüksəkixtisaslı iqtisadçı kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuş görkəmli iqtisadçı alim,İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Ağasəlim Ələsgərov 2015-ci il martın 31-də ömrünün 87-ci ilində vəfat edib.

Ağasəlim Ələsgərov 1928-ci il may ayının 22-də Bakı şəhərində anadan olub. 1946-50-ci illərdə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil alıb. 1950-53-cü illərdə Bakı şəhəri Xalq Deputatları Sovetinin Plan Komissiyasında iqtisadçı vəzifəsindən baş iqtisadçı, mənzil-kommunal, əsaslı tikinti şöbələrinin müdiri və Bakı şəhəri uçot-inventarizasiya idarəsinin rəhbəri vəzifələrinə yüksəlib.

1958-ci ildə ilk dəfə SSRİ-də “Pambığın maya dəyəri və onun aşağı salınması yolları” mövzusunda namizədlik, 1968-ci ildə “Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor adına layiq görülüb. 1974-1978-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və “Siyasi iqtisad” kafedrasının müdiri, 1989-1998-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.

A.Ələsgərovun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlanıb. İqtisadiyyatın müxtəlif sahələrində – iqtisadi nəzəriyyə, makro-iqtisadi siyasət, maya dəyəri, əmək məhsuldarlığı, təsərrüfat hesabı və digər istiqamətlərə aid 221 elmi əsərin müəllifidir. A.Ələsgərov məhsuldar elmi fəaliyyətinə görə 1982-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 1986-cı ildə “Əmək veteranı” medalı, 2014-cü ildə isə Rusiya EA-nın xüsusi medalı ilə təltif edilib.


Teqlər:





Xəbər lenti