Özəl qurumların iş rejimi dəyişəcəkmi?

Özəl qurumların iş rejimi dəyişəcəkmi?
  02 Aprel 2015    Oxunub:2527
Mayın 1-dən iyulun 1-dək paytaxtda çalışanların iş vaxtı dəyişəcək. Bu barədə Nazirlər Kabinetinin I Avropa Olimpiya Oyunları ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı verdiyi sərəncamda qeyd edilib.
Sərəncamda bildirilir ki, 2015-ci ildə Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək paytaxtda fəaliyyət göstərən dövlət orqanları, müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil ediləcək.

Dövlət qurumlarında çalışanlar 4 qrupa ayrılacaq və yarım saat fərqi ilə müxtəlif qrafiklər üzrə çalışacaqlar:

- işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;

- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;

- işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək;

- işçilərin 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək;

AzVision.az-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli musavat.com-a açıqlamasında bildirdi ki, Bakıda fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin də (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 50 faizi üçün isə saat 8:30-dan saat 17:30-dək dəyişdirilməsi tövsiyə edilir:

"Qeyri-dövlət müəssisələri və təşkilatlar üçün bu sərəncam tövsiyə xarakteri daşıyır. Özəl müəssisə rəhbərlərinə tövsiyə olunur ki, situasiyadan asılı olaraq, iş qrafiklərini bu şəkildə qursunlar. Bəzi qurumlarda iş qrafiki tamam başqadır. Məsələn, qəzet redaksiyalarında iş daha gec başlayır və gecə saatlarına qədər davam edir. Bu tənzimləmə iş qrafikindən asılı olaraq, həyata keçiriləcək. Bundan əlavə, məlumatlar KİV vasitəsilə əhaliyə çatdırılmalıdır ki, baş verəcək dəyişikliklərdən xəbərdar olsunlar".

Nazirlər Kabinetinin sərəncamında o da qeyd edilir ki, Gənclər və İdman, Nəqliyyat nazirliklərinə, Bakı Şəhər İcra Hakimiyyətinə bu sənəddə nəzərdə tutulmuş tədbirlərlə bağlı 2015-ci il aprelin 1-dən etibarən əhalinin kütləvi informasiya vasitələri ilə məlumatlandırılmasını təmin etmək tapşırılıb. Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti isə paytaxtda avtonəqliyyat vasitələrinin qeyri-qanuni parklanma hallarının aradan qaldırılması üçün aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə ictimai təbliğat və məlumatlandırma işlərinin aparılmasını təmin etməlidir. Bununla bağlı Akif Əli bildirdi ki, artıq sərəncam bütün dövlət qurumlarına, nazirliklərə, Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib: "Qeyri-dövlət qurumlarına və əhaliyə isə mətbuat vasitəsilə çatdırılır".


Teqlər:  



Xəbər lenti