`Heydər Əliyev atamı çox istəyirdi` - Əzizə Mustafazadə

`Heydər Əliyev atamı çox istəyirdi` - Əzizə Mustafazadə
  02 Aprel 2015    Oxunub:2574
`Vaxtilə Azərbaycanda bəzi adamlar olub ki, atama əziyyət verib`.

`Vaqif çox yazmırdı. Bir neçə yazısı qalıb. Yalnız anam məcbur edəndə yazardı`.
Məşhur caz ustası Vaqif Mustafazadənin yadigarı və hazırda Almaniyada yaşayan Əzizə Mustafazadə AzadlıqRadiosuna müsahibə verib.

AzVision.az həmin müsahibəni təqdim edir:

-Fəaliyyətinizlə bağlı hansı yeniliklər var? Yeni albom, yeni konsertlər haqda Sizi sevənlərə nə deyə bilərsiniz?

- Gündəlik həyatım... Mən hər günümə görə şükür edirəm - Günəş şüası ilə, Ay ışığı ilə bəzənmiş hər günümə görə minnətdaram. Fərqi yoxdur konsert verirəm, yoxsa, bu möhtəşəm Yer kürəsinin üstündə piyada gəzirəm. Mən sadəcə olaraq Allaha bu Yer üzündə olduğum üçün minnətdaram.

- Həssas, fəlsəfi cavab verdiniz. Sanki çoxluqdan fərqli baxışlarınız var... Sizin bu baxışınız ətrafınızdakı dünya ilə ziddiyyət təşkil etmir ki?

- Ətrafımla sülh içində yaşayıram. Onlara qarşı dözümlüyəm. Adamın yüzlərlə dostunun olması utopiyadır. Bir neçə nəfər var ki, onlarla dostluq edirəm, qalanları yalnız mənimlə xoş davrananlardır. Ətrafım və özüm aramda bir harmoniya hiss edirəm və bunu tez-tez deyirəm ki, səhərlər oyanmaq, görmək ki, sən sağsan, nəfər alırsan, Günəşə baxırsan, möhtəşəmdir. İnsanlar bunu unudurlar, heyf ki.

- Bəs, bir Şərq qadınına, hər səhər Qərbdə oyanmaq nə qədər çətindir? Əslində demək istəyirəm ki, Şərq qadınına Qərbdə yaşamaq nə qədər çətindir? Amma bilmirəm Siz özünüzü Şərq qadını sayırsınızmı?

- Mən Şərq qadınıyam. Amma mən Qərbdə də özümü çox yaxşı hiss edirəm. Qərb Şərqsiz nə edərdi axı?! Şərq Günəş işığıdır. Qərb Şərqə uduzub.

- Bir şərqli musiqiçi üçün Qərbdə çalışmaq, Qərbdə parlamaq çətin olmayıb ki? Məsələn, ayrıseçkilik hiss etmisiz bəlkə?

- Yox, heç bir diskriminasiya hiss etməmişəm. Bu, o vaxt olar ki, sən kimisə təxribata çəkəsən. Amma mən musiqiçiyəm və siyasətlə maraqlanmıram. Siyasət mənim oyunum deyil. Ümumiyyətlə oyunları xoşlamıram. Mənim sevgim, istəyim təbiətlə, bizi yaradanla bağlıdır. Mən şanslı adamam. Karyeramdə heç bir çətinliyim olmayıb Qərbdə. Bütün musiqiçilər mənimlə işləmək istəyiblər, albomlarımızı həvəslə buraxıblar, heç bir şey haqda şikayət edə bilmərəm. Heç bir çətinliyim olmayıb bu haqda.

- Bunu eşitmək xoşdur. Belə xəbər də almışıq ki, övladınız olub. Doğrudurmu bu?

- Bu, mənim özəl həyatımdır. Bilmirəm bu məlumatı hardan almısız, amma mən daha çox musiqidən danışmaq istəyirəm.

- Amma bilirsiz ki, insanlar sənət adamının şəxsi həyatı haqqında da bilmək istəyirlər...

- Başa düşürəm.. Bir şeyi deyə bilərəm ki, dünyada ən gözəl şey valideyn olmaqdır. Dünyada heç bir uğur valideyn olmaqla müqayisə oluna bilməz. Uşaq insanın ən böyük uğurudur, yəqin ki. Mənim üçün ailə birinci növbədə gəlir. Amma hamı üçün belə deyil. Musiqi isə... Musiqi də ailədir. Ailə və musiqi o qədər bir-birinə bağlıdır ki... Amma çox mühümdür ki, sənin ərin kimdir.. Səni yaxşı anlayan biridirmi?

- İnternet istifadəçilərimizdən bir sual var ki, “7-ci həqiqət albomu” digər albomlarınızdan fərqlidir, daha emosionaldır. Siz nə düşünürsüz bu haqda?

- Bu albom okeanların sirrini daşıyır və yalnız fantaziya deyil. Bu albomun tarixçəsi var. Uşaq olanda Bilgəhdə çox böyük bir qasırğanı xatırlayıram. Nəticədə bir cavan oğlan öldü və qasırğa yatdı... Həmin albom o oğlanın yardım istəyən fəryadıdır. Ümumiyyətlə, bəstələrimin bir çoxu hansısa əhvalatla, hansısa xatirə ilə əlaqədardır. Ya da yuxularımdan gəlir.

- Sizcə, atanız Vaqif Mustafazadə bugünkü Əzizə haqqında nə deyərdi? Fəxr edərdimi? Nəyəsə görə məzəmmət edərdimi?

- Çətin sualdır mənim üçün. Kaş, bunu ondan soruşmağa imkanım olardı. Yuxularıma gəlir arabir. Əsasən xoşbəxt görünür. İstəyərdim ki, soruşum mənim haqqımda nə düşündüyünü. Vaxt gələcək soruşacam. İstəyirəm ona toxunam. Ona toxunmaq arzusu məndə çox güclüdür. Onun varlığını hiss edirəm. Fiziki varlığını belə. Odur ki, çox güclü şəkildə ona toxunmaq istəyirəm. Dünyaya onun kimisi gəlməyəcək. O, “caz-muğam ildırımı” idi. O, Yer adamı deyildi, o pul haqda heç fikirləşməzdi.

- Siz hələ professional mənada onun səviyyəsinə çatmamısınızmı?

- Heç kim heç vaxt onun səviyyəsinə çata bilməyəcək. Bunu əksini iddia etmək boş söhbət olardı.

- Bəs Vaqifdən nə xüsusiyyətlər keçib Sizə?

- Mən onun qızıyam. Çoxlu xüsusiyyətlərini daşıyıram. Bəzən özüm də bilmədən onun ifadələrini işlədirəm. Anam deyir ki, atan da belə deyərdi.

- Bəs, hansı insani xüsusiyyətləri keçib Sizə?

- Həssaslığı keçib mənə. O çox həssas idi. O, təmiz ürəkli bir uşaq kimi idi.

- Vaqif Mustafazadənin ölümü haqqında bilirik. Onun Daşkənddəki konserti təşkilatçıların biganəliyi ucbatından təxirə salındığına görə, səhnəni boş görən Vaqif növbəti dəfə ürək tutması keçirən Vaqif sonrada özünə gələ bilməyib yatağa düşmüş və vəfat etmişdi. Əslində, bu, qeyri-adi dərəcədə həssaslıq sayıla bilər bəlkə də. Siz də bu dərəcədə həssassınızmı?

- Mənim nənəm atama hamilə olanda qrip olubmuş, antibiotik qəbul edib. Odur ki, atam fiziki cəhətdən o qədər də sağlam doğulmamışdı. Amma sonralar əsas problem çox həssaslığı oldu. O, hər şey ekstrim dərəcədə dərin həssaslıqla yanaşırdı.

Atam caz ifaçısı olduğuna görə çox böyük çətinliklərdən keçdi. 29 yaşı olanda ilk dəfə infarkt keçirdi. Mən bəzən onun qədər həssasam, bəzən də yox. Bizim fərqimiz odur ki, mən qadınam, o kişi idi. Mən ondan bir nəsil cavanam. Bəzən olur ki, mən də ətrafımda baş verənləri çəkə bilmirəm, barışa bilmirəm.

Məsələn, müharibələr. Televiziya izləyə bilmirəm. Başa düşə bilmirəm ki, müharibələri niyə edirlər. Dünyada baş verənlər, ac qalan, susuz qalan insanlar.. Bütün bu xəbərlər ruhumuzu, könlümüzü öldürür.

Yer üzündə hər şey var, necə olur ki, insanlar belə ac qalır. Dünyadan soruşmaq istəyirəm ki, minlərlə adam həlak olur, bəs, dünya niyə düzəlmir? 21-ci əsrdə niyə müharibə edirsiz? Probleminiz nədir? Dünya sizə yaşamaq üçün bəs eləmir? Məncə, bu, şeytan işidir.

- Əzizə, Sizinlə söhbətlərinizdə həmişə atanızla bağlı bir nisgil, bir inciklik duyuram. Hətta belə fikirlər də var ki, Əzizə atasına görə Azərbaycandan incikdir...

- Mən Azərbaycan xalqından qətiyyən incik deyiləm. Xalq atamı sevirdi. Ölkə rəhbərliyi də. Heydər Əliyev də mənim atamı çox sevirdi. 1979-cu ilin noyabrın 7-də, atamın ölümündən 40 gün əvvəl Heydər Əliyev onu xüsusi bir konsertə dəvət etmişdi. Azərbaycan mənim ana Vətənimdir. Gözəl ölkədir. Muğam, sevgi ölkəsidir.

Mənim atamın taleyi qəribə idi. O, xalqına xidmət üçün yaranmışdı. Amma vaxtilə Azərbaycanda bəzi adamlar olub ki, atama əziyyət verib. O vaxtlar həyat daha çətin idi. Bəzən bir parça kağız sənin həyatını həll edə bilərdi. O vaxtlar ölkənin sərhəddini keçmək çox çətin idi.

Məsələn, bir dəfə atamı Finlandiyaya uçarkən təyyarədən geri qaytardılar. Qayıtdı gəldi və onu infarkt vurdu. Sağalması isə möcüzə idi.

- Kimlər idi bu adamlar?

- Adlar çəkə bilmərəm. Həyat bumenranqdır. Etdiyin pislik və yaxşılıq sənə qayıdır. Atamın bütün düşmənləri çoxdan ölüblər.

- Eşitdiyimizə görə, Vaqifin bəzi bəstələri yarımçıq qalıb..

- Vaqif çox yazmırdı. Bir neçə yazısı qalıb. Yalnız anam məcbur edəndə yazardı.

Atam yazmağı sevmirdi, əsəbləri davam gətirmirdi, hövsələsi çatmırdı. Anama deyərdi ki, 1000 bəstə var beynimdə. Mən onları beynimdə saxlayacam və onlar mənimlə gedəcək.. O qədər az not qalıb ki.,demək olar ki, heç nə. Atamın bəstələrini çalmaq heç də asan deyil.

- Eşitmişik ki, Bakıya hər il atanızın qəbrini ziyarət etmək üçün gəlirsiz.

- Düzdür, gəlirəm. Amma sakitcə gedib qayıdıram. Diqqət mərkəzində olmağı sevmirəm. Ümumiyyətlə, mən çox gözə görünmək, şəxsi həyatım haqda çox danışmağı sevmirəm.

- Bakıda konsert planlaşdırırsınızmı?

- Bunu bilmirəm hələ ki..

- Əzizə, illər keçir, incəbelli, gözəl üzlü Əzizə dəyişmir. Nədir gözəlliyin sirri?

- Çox sağ olun, çox nəzakətlisiniz. Səbəb odur ki, mən gözəl qalmaq üçün heç nə etmirəm. Cavan qalmaq haqqında heç düşünmürəm. Öz yaşımla, öz bədənimlə barışığam.

Bilmirəm, insanlar niyə cavan, gözəl qalmaq üçün bu qədər cəhdlər edirlər. Əgər sən həyatı sevirsənsə, bu, gözəllik və cavanlıq üçün yetər. Əgər ailən varsa bu artıq normadan artıq xoşbəxtlikdir. Allahı sevirsənsə, daxildə cavan qalırsan. Bunlar çox vacibdir. Və bir də mən heç bir çiçəyi görməzdən gəlmirəm. Təbiətdəki hər gülün, hər çiçəyin fərqindəyəm.

- Əzizənin həyat şüarı nədir?

- Hər gün üçün Allaha təşəkkür et.

- Caz ifaçısı kimi hədəfiniz nədir? Bu yolla hara qədər getmək istəyirsiz?Mənzilbaşı haradır?

- Heç bilmirəm.. Daha çox çalışmaq lazımdır. Bu gün dünənkindən daha yaxşı olmalıdır. Bir də musiqiçilərə arzu edirəm ki, özləri kimi qalsınlar. Musiqi köklərini, mədəni köklərini itirməsinlər.


Teqlər:  





Xəbər lenti