`Əli Kərimli də istefa verməlidir`- Keçmiş müavini

`Əli Kərimli də istefa verməlidir`- Keçmiş müavini
  02 Aprel 2015    Oxunub:1782


“Hesab edirəm ki, Milli Şuranın 5 aprel mitinqi hansısa şəxslərə özünü sübut etmək üçün lazımdır. Bu baxımdan mitinqlərə münasibətim birmənalı deyil”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Razi Nurullayev Milli Şuranın 5 aprel mitinqini şərh edərkən deyib.

“Hazırda keçirilən mitinqlər xalqın ümumi maraqlarını əhatə etmir. Orada xalqın iştirakı çox zəif olur. Milli Şuranın üzvü olduğuma görə, onun təyin etdiyi mitinqə qarşı çıxa bilmərəm, mən də istəyərəm ki, mitinq yaxşı keçsin, xalq orada təmsil olunsun. Amma hesab edirəm ki, bu mitinqin keçirilməsi sadəcə olaraq hansısa şəxslərə özünü sübut etmək üçün lazımdır. Bu baxımdan mitinqlərə münasibətim birmənalı deyil. Mitinqə iştiraka gəlincə isə, getməyi planlaşdırmıram”.

R.Nurullayev AXCP-də gənclərlə partiya rəhbərliyi arasında yaşanan gərginliyə də münasibət bildirib. Qeyd edib ki, həmin gənclər fərqli sözün qurbanı olublar:

“Onlara təzyiq olunub ki, pariyadan xaric olunduqlarını təkzib etsinlər. Amma təbii ki, buna baxmayaraq, onların uzaqlaşdırılması dəqiqdir. Bunun səbəbi isə həmin gənclərin fərqli fikir söyləməsidir. Mən də fərqli fikir deyirdim və eyni taleyi yaşadım. Onlar tənqid edir, amma AXCP-də tənqid qadağandır. Partiya rəhbəri tənqid oluna bilməz, fərqli fikir söylənilə bilməz”.

R.Nurullayev hesab edir ki, AXCP bu şəkildə fəaliyyətini davam etdirməklə müsbət nəticə əldə edə bilməyəcək:

“Müxalifətin bugünkü siyasətinin nəticə verəcəyinə inanmıram. Düşünürəm ki, yeni demokratik prosesin başlamasına, müxalifətdə yenilənməyə, yeni simaların irəli çəkilməsinə ehtiyac var. Köhnə metod və simalar lazımi nəticəni vermir və hətta xalqda qıcıq doğurur”.

R.Nurullayev Əli Kərimlini də sədrlikdən istefa verməyə çağırıb.

Fatimə Kərimli



Teqlər:



Xəbər lenti