`Forsaj 7`-də gərgin Azərbaycan səhnələri – FOTOLAR + VİDEO

`Forsaj 7`-də gərgin Azərbaycan səhnələri – FOTOLAR + VİDEO
  03 Aprel 2015    Oxunub:132372
6 gündən sonra`Forsaj` franşizasının 7-ci filmi (Furious 7) ekranlara çıxacaq.

Bütün dünyanın səbirsizliklə gözlədiyi filmin premyerasına az qalmış AzVision.az onunla bağlı maraqlı məlumatlar əldə edib.

Belə ki, ən həyəcanlı səhnələrdən birində filmin qəhrəmanları – aktyorlar Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceyson Stethemin oynadıqları personajların Azərbaycana gəldiyi məlum olacaq. Filmin təxminən ortalarında baş verəcək hadisələr zamanı Vin Dizel və onun “ailəsi” paraşütlərin bərkidildiyi avtomobillərlə havada olan təyyarədən yerə- Azərbaycana atılacaqlar.



Bundan sonra filmin qəhrəmanları Azərbaycan yollarında zirehli avtobusda qaçmağa çalışan cinayətkarları izləyir və onlar arasında amansız mübarizə başlayır. Filmdə bu hadisələrin Azərbaycan dağlarında, yollarında cərəyan etdiyi göstərilir.



Yada salaq ki, dünyaca tanınmış aktyor, `Forsaj` serialının ulduzu Vin Dizelin ötən ilin aprel ayında rəsmi “Facebook” səhifəsində paylaşılan bir şəkil xeyli maraq doğurmuşdu. Belə ki, meşəlik ərazidə çəkilmiş şəkilin yuxarı sağ küncündə Azərbaycanca yazı yazılmışdı.



Qeyd edək ki, `Bondiana`nın `Bütün dünya bəs etməz` adlı filmindən sonra bu,
hadisələri Azərbaycanda cərəyan edən ikinci qlobal blokbasterdir.



Rejissor Ceyms Vanın çəkdiyi filmdə Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceysom Stetem oynayırlar. 7-ci film eyni zamanda iki hissənin davamıdır: `Forsaj 6` və `Forsaj 3: Tokio drifti`. Belə ki, 3-cü hissədə öldürülən məşhur qanqsterin qardaşı Dekkard Şou (Ceyson Stetem) Dominik Toreronun dəstəsindən qisas almağa çalışır.

Filmin çəkilişlər ABŞ-ın Corciya, Kolorado ştatları, Dubay və Tokioda aparılıb. Azərbaycanda baş verəcək hadisələr Kolorado ştatında çəkilib. Filmin büdcəsinin 250 milyon dollar olduğu bildirilir.

Film əslində ötən ilin iyulunda ekranlara çıxmalı idi, amma Pol Uokerin qəfil ölümü ssenarini təzədən işləməyə vadar etdi.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti