Yəməndə qalan soydaşlarımızın taleyi necə olacaq?

Yəməndə qalan soydaşlarımızın taleyi necə olacaq?
  03 Aprel 2015    Oxunub:3896
“Yəməndə yaşayan Azərbaycan vətəndaşları təhlükəsiz ərazidən çıxarılaraq, Rusiyaya gətiriliblər. Bundan sonra isə vətəndaşlar özləri növbəti addımlarını planlaşdırmalıdırlar”.

Bunu AzVision.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu məsələdə Azərbaycan səfirliyinin əsas işi ondan ibarət idi ki, vətəndaşlar münaqişə zonasından çıxarılsınlar:

“Adətən evakuasiya və təxliyyə məsələlərində Azərbaycan Respublikasının diplomatik nümayəndələri tərəfindən Azərbaycana birbaşa reys təşkil edilmirsə, bu hallarda onlar təhlükəsiz bir ölkənin ərazisinə keçirilir. Onlar Rusiyanın ərazisinə gətiriliblər və hazırda təhlükəsiz ərazidədirlər. Bundan sonra isə vətəndaşlar özləri növbəti addımlarını planlaşdırmalıdırlar. Bizim əsas məsuliyyətimiz ondan ibarətdir ki, onları münaqişə zonasından çıxaraq. Və bu da təmin olundu”.

H.Hacıyev qeyd edib ki, Yəməndən təxliyyə edilən azərbaycanlılar Səudiyyə Ərəbistandakı səfirliyimizin konsulluq qeydiyyatında olan şəxslərdir: “Bundan əlavə isə bizim hesablamalarımıza görə, Yəməndə 20 nəfərə yaxın Azərbaycan vətəndaşı var. Onların əksəriyyəti isə birgə nikahlarda olan şəxslərdir. Onlar isə ümumiyyətlə Azərbaycana gəlməkdə maraqlı deyillər. Bu da onların şəxsi seçimidir, onlar ailə üzvləri ilə birgə orada yaşayırlar”.

Qeyd edək ki, Yəməndən bu gün səhər saatlarında azərbaycanlılar olmaqla bir çox ölkənin ölkələrin vətəndaşları təxliyyə edilərək, Moskvaya aparılıb.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti