`İmamzadə`nin təmiri başa çatır

`İmamzadə`nin təmiri başa çatır
  03 Aprel 2015    Oxunub:1946
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq 2010-cu ildən əsaslı təmir-bərpa və tikinti işlərinə başlanılmış Gəncədəki VII əsrə aid “İmamzadə” dini-tarixi kompleksində artıq son tamamlama işləri görülür.
Demək olar ki, kompleksdə işlərin 80 faizindən çoxu yekunlaşıb. Digər işlərin isə ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Hazırda binaların üzlənməsi və daxili interyerdə bəzək işləri aparılır. Hüseyniyyə və Zeynəbiyyə adlanan və hər birinin 200 nəfər tutumu olan zallarda işlər başa çatıb. Ziyarətgahın üstündə 28 metr hündürlüyündə kümbəz, tikilinin sağ və sol hissəsində 2 minarə, kompleksin həyətində isə mehmanxana inşa edilib.

Qafqaz Müsəlmanları İdarəsinin qərb regionu üzrə nümayəndəsi Tahir Abbasovun AZƏRTAC-a verdiyi məlumata görə, 2,5 hektar ərazisi olan kompleksdə 36 kiçik və 5 böyük künbəz tikilib. 200 kvadratmetr sahəsi olan qurbangah, 1000 nəfərlik ehsangah, 500 avtomobil üçün nəzərdə tutulmuş 2 dayanacaq inşa olunub. İki zaldan ibarət namazgahda nəfis xəttatlıq işləri görülüb. Ərazidə müasir işıqlandırma sistemi qurulub, 10 min kvadratmetrdən artıq sahəyə asfalt örtüyü salınıb. Piyadaların rahat hərəkəti üçün 500 min paqonmetr səki daşı düzülüb.

Qeyd edək ki, Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” dini-tarixi abidəsi Şərqin qədim karvan-ticarət yolunun üstündə yerləşir və bəzi mənbələrə görə, burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti