Müxalifət 5 aprel mitinqini boykot etdi

Müxalifət 5 aprel mitinqini boykot etdi
  03 Aprel 2015    Oxunub:6980
Aparıcı müxalifət partiyaları Milli Şuranın aprelin 5-ə təyin etdiyi mitinqə qatılmayacaq. Bu barədə AzVision.az-a partiya nümayəndələri məlumat verib. Bildirilib ki, AXCP-nin təklifi ilə keçirilən mitinq onlar üçün əhəmiyyətli deyil.

Müsavat Partiyasının sədr müavini Elman Fəttah bildirib ki, bu məsələ partiyanın gündəmində deyil: “Müsavat partiyasının gündəmində 5 aprel mitinqi yoxdur. Partiya üzvlərinin orada iştirakı məsələsi də müzakirə olunmayıb”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Şuranın mitinqinə dəstək verməyəcəklərini deyib.

“Partiyanın sədri kimi mənim orada iştirakım düzgün deyil”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə başqasının təyin etdiyi mitinqdə iştirak etməyəcəyini deyib: “Bu, Milli Şuranın müəyyən etdiyi mövzu və mitinqdir. Mən başqasının müəyyən etdiyi xəttlə getmirəm”.

Azərbaycan Liberal Partiyasının rəhbərliyi də 5 aprel mitinqinə getməyəcək. “Partiya olaraq iştirak etməyəcəyik, amma üzvlər mitinqdə iştirakda sərbəstdir”-deyə partiya sədri Əvəz Temirxan qeyd edib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da partiyasının mitinqə qatılmayacağını deyib: “Biz zona müşavirələri keçirib qurultaya hazırlaşırıq. Ona görə də mitinqdə iştirak etməyi düşünmürük”.

Azərbaycan Milli İstiqlal Partiyasının təmsilçisi Əli Orucov mitinqdə iştirak üçün Milli Şuradan partiyaya müraciət daxil olmadığını bildirib: “Keçən dəfəki mitinqdə də partiya kimi iştirak etməmişdik. Bununla bağlı bizə müraciət daxil olmayıb. Bildiyimiz qədərilə bu mitinqləri Milli Şura özü təşkil edir və başqa qüvvələrin orada iştirakını arzulamır. Ona görə də biz qatılmayacğıq. Amma üzvlərin orada iştirakı sərbəstdir”.

Qeyd edək ki, Milli Şura aprelin 5-də `Məhsul` stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti