Ollandın Bakıya gəlişinin gerçək səbəbi...

Ollandın Bakıya gəlişinin gerçək səbəbi...
  04 Aprel 2015    Oxunub:6135
“Fransa prezidenti Fransua Ollandın apreldə ölkəmizə gözlənən səfərinin məqsədi onun Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışması ilə bağlıdır”.

Bu barədə AzVision.az-a politoloq Elxan Şahinoğlu Fransua Ollandın Bakıya gözlənilən səfərini şərh edərkən deyib.

Ekspertn fikrincə, Ollandın regiona səfərinin məqsədi “erməni soyqırım”ı ilə bağlıdır:

“Fransa prezidenti Fransua Olland apreldə Ermənistana gələcək və orada qondarma “soyqırım” tədbirlərinə qatılacaq. Azərbaycana gəlişinin səbəbi isə bizim xətrimizə dəyməmək istəyi ilə bağlıdır. Olland balansı qorumağa çalışır. Rusiya prezidenti də Ermənistana səfər planlaşdırır, amma ilkin xəbərlərə görə birbaşa Bakıya gəlməyəcək. Fransa prezidenti fərqli siyasət yürüdür və məncə bu da düzdür”.

Politoloqun sözlərinə görə, hazırki dönəmdə ən önəmli məsələ böyük dövlətlərin Ermənistana təsir edib, Azərbaycanı Qarabağ ətrafındakı torpaqları boşaltmağa inandıra bilməsidir:

“İnandıra bilməsələr, müharibə başlaya bilər. Çünki Azərbaycan getdikcə silahlarını artırır və modernləşdirir. Eyni zamanda mövqeyini sərtləşdirir. Dağlıq Qarabağ ətrafında hərbi təlimlər keçirilməsinə imkan vermir. Dövlət başçısı da belə fikir səsləndirib ki, erməni əsgərinin Ağdamda nə işi var? Müdafiə nazirimiz isə deyir ki, Azərbaycan düşmənin 70% qüvvəsini məhv edə bilər. Bu, o deməkdir ki, Ermənistan yaxın müddətdə Qarabağ ətrafında rayonları boşaltmasa, müharibə ehtimalı artacaq. Ona görə də indi Ermənistan qərar verməlidir və əgər böyük dövlətlər bölgədə müharibə istəmirsə, Ermənistanı razı salmalıdır”.

Qeyd edək ki, Fansa prezidenti Fransua Olland Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib.Səfirin sözlərinə görə, Ollandın səfəri bu il ərzində baş tutacaq:

"Fransa prezidentinin səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. Səfərin dəqiq vaxtı müəyyən deyil, amma səfərlə bağlı hazırlıq aparılır".

P. Mönyenin sözlərinə görə, Fransa prezidenti Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır və hər iki ölkənin prezidentləri ilə görüş keçirib təkliflərini müzakirə etmək istəyir.

İlkin məlumatlara görə, Olland Bakıya aprelin 24-ə təyin edilən Ermənistan səfəri ərəfəsində gələcək.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti