Minimum əməkhaqqımız nə qədər olmalıdır – TƏHLİL

Minimum əməkhaqqımız nə qədər olmalıdır – TƏHLİL
  06 Aprel 2015    Oxunub:4549
Həmkarlar İttifaqları Konfederasiyası ilə bir sıra sosial qurumlar Əmək Məcəlləsinə dəyişiklik etməklə minimum aylıq əmək haqqı mexanizminə düzəliş təklif edirlər. Bu da onun hesablanması zamanı təkcə işçinin deyil, ailəsinin də minimum tələbatlarını nəzərə almağı ehtiva edir. Əhalinin sosial müdafiəsinin təmini baxımından bu, şübhəsiz ki, olduqca əlverişli təklifdir.

Minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı ödəniş olmaqla, qanunla bu sahədə müəyyən edilən sosial normativdir. Məlum olduğu kimi onun mahiyyəti həmin əməkhaqqıya çalışan şəxsin öz minimum tələbatını ödəyə bilməsindən ibarətdir.

Minimum əməkhaqqı mexanizminə ilk dəfə deyil ki, dəyişiklik etmək təklif olunur. Bundan əvvəlki təkliflər reallaşmayıb. Minimum aylıq əməkhaqqı elə bir mürəkkəb mexanizm və sistemdir ki, istənilən dəyişiklik ciddi əsaslandırma tələb edir. Sonuncu təklifin də bu sahədə müvafiq hesablamalar aparıldıqdan və xarici təcrübə öyrənildikdən sonra reallaşdırıla biləcəyi deyilir.

Dörd il öncə də ölkədə layiqli əməyin təmin olunmasına dair dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində onun iqtisadiyyatın sektorları üzrə diferensiallaşdırılması lazım gəldiyi söylənilmişdi. Sonradan bu təklif hökumət tərəfindən dəstəklənməyərək minimum aylıq maaşın sahələr üzrə fərqləndirməyin düzgün olmadığı bildirildi.

Xarici təcrübədə ABŞ başda olmaqla, Avropa ölkələrində isə başqa mexanizm mövcuddur. Belə ki, onlarda əməyin saata görə ödəniş sistemi tətbiq edilir ki, üstəlik, sözügedən ölkələrin hər birində bu sahədə ayrıca hədd müəyyən edilib.

Almaniya bu ildən əməyin saata görə 8,5 avro olmaq şərti ilə minimal ödəniş sisteminə keçən sonuncu ölkə oldu. Fransada isə xeyli vaxtdır saata görə 13 ABŞ dolları (9,5 avro), ABŞ-da 7,25 dollar ödəniş sistemi tətbiq olunur. Avstraliyada isə 17 dollar...

Dediyimiz budur ki, minimum aylıq əmək haqqı və ümumiyyətlə, əməyin minimal ödənişi sahəsində ciddi şəkildə əsaslandırılmış mexanizm yoxdur.

Ancaq məsələ bundadır ki, hansı formada olmasından asılı olmayaraq, dünyanın demək olar hər yerində, o cümlədən ölkəmizdə də əməyin minimal ödəniş sistemi bütün sahələrdə ödənilən aylıq maaşların real olaraq əsasən aşağı həddini müəyyən etməyə imkan yaratmaqla bir növ əhalinin sosial müdafiəsini təhlil və təmin etmək baxımından, olduqca mühüm əhəmiyyətə malikdir.

Məsələn, əməyin saata görə ödəniş sisteminin tətbiqi bizdə mümkün deyil. Çünki buna hazır deyilik. O səbəbdən ki, əməyin saata görə minimal ödəniş sisteminə keçid hələ nə dövlət büdcəmiz, nə də özəl sektorun mövcud imkanları baxımından real sayılmır. Belə ki, gündəlik 8 saatlıq iş rejimiylə götürsək saata görə minimum 1 manat səviyyəsində ödəniş həyata keçirilərsə onda gərək, ixtisassız əməyə ölkəmizdə ayda 240 manat əməkhaqqı ödənilsin. Buna ölkə iqtisadiyyatının mövcud imkanları daxilində indi nail olmaq mümkün deyil...

Ancaq ölkəmiz 2004-cü ildə “Avropa Sosial Xartiyası”na qoşulmaqla sözügedən sənədin 4-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işçilərə və onların ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək səviyyədə əmək haqqı ödəmək vəzifəsi götürüb ki, həmin sənədi ratifikasiya etməklə minimum əmək haqqının ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsinin 60 faiz civarında olması prinsipiylə razılaşıb.

Düzdür, bu, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Ancaq, buna mərhələrlə nail olmaq mümkündür. O mənada ki, aradakı fərqi aradan götürmək üçün çox iş görmək lazımdır. Məlum olduğu kimi fevralın sonuna Azərbaycanda orta aylıq əmək haqqı 444,4 manat təşkil edib ki, bu da ötən illə müqayisədə 4,3 faiz çoxdur.

Digər tərəfdən, ölkəmizdə yaşayış minimumu göstəricisi vardır. Və cari il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə o, 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün isə 108 manat məbləğində müəyyən edilib. Hazırda minimum aylıq əmək haqqının 105 manat olduğunu nəzərə alsaq ölkə üzrə yaşayış minimumunun 80,2 faizi səviyyəsindədir.

Odur ki, ölkəmizdə inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqi mümkün olmasa da minimum aylıq əmək haqqının əhalinin sosial müdafiəsi baxımından rolu genişləndirilməlidir. Və bu, hansı formada baş verməyindən asılı olmayaraq özündə məhz, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunu əks etdirməklə təmin olunmalıdır.

Elə hökumətin də əsas məqsədi minimum əməkhaqqını yaşayış minimumu ilə bərabərləşdirməkdən ibarətdir. Dövlət başçısı ölkəmizdə minimum əmək haqqının artırılması istiqamətində son 10 ilin ərzində 12 sərəncam imzalamışdır ki, sonuncu dəfə 2013-cü ilin sentyabr ayındakı eyni sənədi də nəzərə alsaq 12 dəfə artırılaraq, 105 manata çatdırılıb.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti