Deputat zorlanan qıza söz verib

Deputat zorlanan qıza söz verib
  06 Aprel 2015    Oxunub:7362
“Kimin günahı varsa, o mütləq məhkəmə qarşısında cavab verməlidir. Həmin qızın özü ilə də danışmışam. Bu məsələnin ədalətli və obyektiv araşdırılıcağını söz verdim”.
Bunu AzVision.az-a açıqlamasında Tovuz rayonundan seçilən millət vəkili Qənirə Paşayeva həmin rayonun Əyyublu kəndində 20 yaşlı qızın 4 oğlan tərəfindən zorlanması ilə bağlı mətbuatın gündəmini zəbt edən məsələyə münasibət bildirərkən deyib.

Millət vəkili bu məsələnin obyektiv araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib:

“Xahiş etmişəm ki, bu məsələ ədalətli, ciddi şəkildə araşdırılsın. Bu olay hər birimiz tərəfindən üzüntü ilə qarşılandı. Hadisədən çox üzüldüm. Həmin xanımın ailəsi müraciət etdi, onları qəbul etdim və dinlədim. Qızı xəstəxanaya yerləşdirmişdilər. Qızın özü ilə də danışmışam. Bu məsələnin ədalətli və obyektiv araşdırılıcağını söz verdim.

İnanıram ki, bu hadisə tam obyektiv şəkildə araşdırılacaq və öz həllini tapacaq. Ümid edirəm ki, araşdırmalardan sonra hər şey ortaya çıxacaq”.

Q.Paşayeva adı zorlanma olayında hallanan oğlanların ailə üzvlərinin də ona müraciət etdiyini deyib.

“Bu məsələdə mövqeyim birmənalıdır ki, bu hüquq-mühafizə orqanları səviyyəsində araşdırılmalı məsələdir. Hadisə obyektiv şəkildə araşdırılacaq. Əgər ortada günahkarlar varsa, kim olursa olsun, məsuliyyət daşımalıdır. Hüquq-mühafizə orqanları bu məsələni tamamilə başa çatdırmalıdır. Günahkarların kimdən ibarət olduğu aydınlaşdıqdan sonra, onlar ədalət qarşısında cavab verməlidir. Hər bir azərbaycanlı kimi mövqeyim bundan ibarətdir. Ailələrə müraciətimizdə demişik ki, obyektiv araşdırmaların nəticələrini də hər kəs qəbul etməlidir. Kimin günahı varsa, o mütləq məhkəmə qarşısında cavab verməlidir”.

Qeyd edək ki, Tovuz rayonun Əyyublu kənd sakini, 20 yaşlı qız 4 həmkəndlisi - Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimov tərəfindən cinsi zorakılığa məruz qalıb. Hadisənin şokunda ola qız ayılan kimi intihar etmək istəyib. Bir müddət xəstəxanada yatan qız müalicə olunaraq evə buraxılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb və gənclərin 4-ü də həbs edilib.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti