Anası Şahbazın girov düşdüyündən xəbərsizdir - VİDEO

Anası Şahbazın girov düşdüyündən xəbərsizdir - VİDEO
  07 Aprel 2015    Oxunub:4743
Şahbaz Quliyevin anası oğlunun girov olduğundan xəbərsizdir.

Bu gün sizə Şahbaz Quliyevin ailəsindən, daha doğrusu, anasından danişacağıq: Sənəm anadan. O anadan ki, oğlunun başına gələnlərdən indiyə qədər xəbərsizdir.Elə bilir ki, oğlu hələ də Rusiyadadır, öz işində-gücündədir.Yaxinları deyirlər ki, Sənəm ana əgər bilsə ki, oğlu erməni girovluğundadır, onun ürəyi bu xəbərə tab gətirməz.Elə ona görə də bu xəbəri ondan gizləyirlər.

Şahbazgilin qapısına gedəndə işimizi əvvəlcədən bilirdik. Sənəm ananın yanında Şahbazın başına gələnlərdən qətiyyən danışmaq olmaz...

Amma asan deyil. Hansı qapıya, kimin evinə gəldiyini yaxşı bilirsən. Şahbazın görüntüsü isə adamın gözlərinin qarşısından çəkilmir.

Sənəm ana çölə çıxır, üzünün rəngindən tutmuş bütün cizgilərinə qədər sanki Şahbazın oxşarı dayanıb qarşımda. Özümü itirsəm də, Sənəm ananın zarafatları vəziyyəti dəyişməyə kömək edir.

İndi necə deyəsən ki, bu qapıya Şahbaza görə yox, hansısa başqa bir səbəbdən gəlmişik. Elə eləmək lazımdır ki, Sənəm ana Şahbazın erməni girovluğunda olmasından xəbər tutmasın. Deyirlər ki, xəbəri olsa, onun yaşlı ürəyi buna tab gətirməz.

Şahbaz Quliyev 1968-ci ildə Tərtərin Qapanlı kəndində anadan olub. 2014-cü ildə 3 dost Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov ermənilərin işğal etdiyi kəlbəcər rayonuna öz doğmalarının qəbirlərini ziyarət etməyə getmişdilər.Erməni hərbçilərinin girov götürdüyü həmyerlilərimizdən Həsən Həsənov öldürülüb, Şahbaz və Dilqəm isə indiyədək girovluqdadır.

Sənəm anadan oğlu haqda birbaşa heç nə soruşa bilməsək də, dolayısı ilə haqqında söhbət açmağa çalışırıq.

Mərd, çalışqan və fədakar ana var qarşımızda. Elə Şahbazın və dostlarının mərdliyi, cəsarəti də belə qəhrəman anaların bətnində yoğrulub, cana-qana qarışıb.Elə bütün mərd oğul və qızların adından Sənəm ana ilə sağollaşıb, ayrılırıq. (Xəzər TV)






Teqlər:  



Xəbər lenti