Çingiz Abdullayev:`Əclaflar hələ çoxdur` – Müsahibə

Çingiz Abdullayev:`Əclaflar hələ çoxdur` – Müsahibə
  07 Aprel 2015    Oxunub:17428
“Heydər Əliyevin obrazını yaratmışam. İlham Əliyevin də obrazını yaratmalıyam”

“İndi qadınlar məni xoşlamırlar...”


Bu gün Azərbaycanın Xalq yazıçısı, “Neftçi” futbol klubun yeni prezidenti Çingiz Abdullayevin doğum günüdür. Detektiv janrında yazdığı kitabları ilə dünyanın dörd bir yanında tanınan Çingiz Abdullayev 56 yaşını qeyd edir.

Yaşının üstünə yaş gələn yazıçı doğum günü təəssüratlarını AzVision.az-la bölüşüb. Xalq yazıçısı saytımıza müsahibəsində çox maraqlı və ciddi məqamlara toxunub, gələcək fəaliyyətindən söz açıb:

-Bir yazıçı üçün 56 yaş nə deməkdir? Hazırda ömrünüzün hansı mərhələsindəsiniz?

-Bu gün 56 yaşıma qədəm qoymuram. Hələ 40-50 il də yaşamaq istəyirəm. Həyatımda tez-tez dəyişikliklər baş verir. Son 6 gündə razılığımla məni “Neftçi” futbol klubunun prezidenti seçiblər. İndi bu klubun işləri ilə məşğul oluram. Çox sevinirəm ki, mən şəhərim, xalqım və sevimli kubum üçün bir köməklik edə bilərəm. Mənə edilən bu etibara görə çox sevinirəm. İstəyirəm ki, bu etibarı doğruldum.

Bu yaş yazıçı üçün ömrün ən gözəl vaxtıdır. 56 yaş! Yəni sən hələ müdriksən, hər şeyi dərk eləyirsən. Digər tərəfdən bu yaşda cavanlıqda edilən axmaqlıqlar olmur. 50 yaşdan sonra adam bir az sakitləşir. İnanıram ki, hələ ən gözəl kitablarımı da bundan sonra yazacağam.

-Çingiz Abdullayevin oxucuya deyə bilmədiyi hansısa sözləri qalıbmı?

- Ürəyimdə demədiyim heç nə qalmayıb. Nəyi fikirləşirəm onu da deyirəm. Heç vaxt mövqeyimi dəyişməmişəm. Dəyişən də deyiləm. Bu yaşımda da nəyi fikirləşirəmsə, onu da yazıram. Heç vaxt yolumdan da dönməmişəm. Həmişə ürəyimdəki sözləri açıq-aşkar demişəm. Heç kəsdən də çəkinməmişəm. Bəlkə də bu mənim ən böyük uğurumdur. Mənim bu mövqeyimə inandıqlarına görə milyonlarla oxucu bu gün əsərlərimi oxuyur.

- Çingiz Abdullayev bu gün tanınmış yazıçı kimi özünü hansı rolda görür? Yazıçı, yoxsa ictimai xadim?

-Mən istəyirəm ki, ailəm xoşbəxt olsun. Əgər bu gün mən Allahla görüşsəydim, ona bir söz deyərdim: Çox sağ ol. Daha heç nə deməzdim. Qurban olum Allaha. Ondan heç nə istəmirəm. Yeganə bir istəyim var ki, uşaqlarım, həyat yoldaşım sağ salamat olsun. Bundan başqa heç nə istəmirəm. Allah mənə nə veribsə, ona da min şükür!

- “Əclafların Qanunu” romanını yazanda xeyli gənc idiniz. İndi yaşa dolmusunuz. Əcalafların qanunu yenə də işləyirmi?

-`Əclafların qanun`ları hələ də işləyir. Təəssüflər olsun ki, əclaflar hələ çoxdur. Ona görə də onların qanunları işləyir. Pul hər şeydən üstündür. Əclafların sayı azalmır. Daha da çoxalır. Onlar həmişə olub, indi də var.

- Siz yaşa dolduqca Dronqo da qocalırmı? Onu təqaüdə göndərmək istəmirsinizmi?

- Dronqo 50 yaşa qədər mənimlə birlikdə qocalırdı. Sonra mən onu qocalmağa qoymadım. İndi qocalıram, o isə cavan qalır. Mən indi 3 il yaşayıram. O isə bir il yaşayır. Ona görə də onu lap qocalda bilmərəm. İndi o qadınların xoşuna gəlir. Mən isə xoşlarına gəlmirəm. Yavaş-yavaş keçəlləşmiş, ağıllanmış və qocalmışam. Həm də onu heç yerə göndərməyəcəm. O belə də qalacaq.

- Siz mərhum prezident Heydər Əliyev, Eduard Şevarnadzenin və digər siyasətçilərin obrazını yaratmısınız. Prezident İlham Əliyevin də obrazını yaratmaq fikriniz varmı?

-Bu çox maraqlı sualdır. Onun üzərində fikirləşərəm. İlham Əliyevi çox yaxşı tanıyıram. Onu hələ prezident olmamışdan öncədən tanıyırdım. Atasından yazmışam. Görünür vaxt tapıb oğlundan da yazmalıyam.

-Siz bakılısınız. Bütün bakılılar isə həmişə “Neftçi” klubuna azarkeşlik ediblər. Siz gəncikən bu kluba azarkeşlik etmisinizmi? Yaxud nə vaxtsa ağlınıza gələrdimi ki, bu klubun başında dayanacaqsınız?

-Mən gənclik illərimdən “Neftçiyə” azarkeşlik etmişəm. Həmişə onu sevmişəm. Anam da bakılıdır. Atam isə Qarabağlıdır. Mən danışanda da bakılı olduğum hiss olunur. Həmişə bakı ləhcisi ilə danışıram. Həmişə fəxr etmişəm ki, Bakıda böyümüşəm və indi “Neftçi” klubunun rəhbəriyəm. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa “Neftçi” klubunun başçısı olacağam. Azərbaycanın Xalq yazıçısı olacağım heç ağlıma da gəlməzdi. Düşünməzdim ki, heç vaxt belə bir böyük səviyyəyə qalaxa bilərəm.

Qeyd edək ki, Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 2009-cu ildə prezidentin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir. Bu ilin martın 30-dan isə yazıçı “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti